ABŞ-da koronavirusa yoluxanların sayı 50 milyonu ötüb
“İNFONEWS” xəbər verir.
ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 50 milyon nəfəri ötüb.
Con Hopkins Universitetinin dekabrın 13-nə olan məlumatına görə, pandemiyanın başlanğıcından bəri Birləşmiş Ştatlarda 50 119 574 yoluxma halı qeydə alınıb. Virusun təsirindən 798 710 nəfər həyatını itirib.
Ölkədə noyabrın 25-də qeyd edilən Şükran Günü bayramından sonra xəstəliyə yoluxma hallarında kəskin artım müşahidə olunur. Belə ki, dekabr ayından başlayaraq Birləşmiş Ştatlarda orta hesabla sutkada 100 mindən çox yoluxma qeydə alınır. Hər 100 min nəfərə düşən yoluxma sayı 15 min nəfər təşkil edir ki, bu da dünya üzrə ən yüksək göstəricilərdən biridir.
Kaliforniya ştatı COVID-19 infeksiyasına yoluxanların sayına görə ilk pillədə qərarlaşıb – 5 milyon 40 min nəfər. Ştatın Səhiyyə və Sosial Xidmətlər Agentliyinin məlumatına görə, son yeddi gün ərzində yoluxanların sayı 47 faiz, xəstəxanalara yerləşdirilən pasientlərin sayı isə 14 faiz artıb. Ölkədə insanların ən sıx yaşadığı ştatda yoluxma hallarının artması səbəbindən dekabrın 15-dən yanvarın 15-dək qoruyucu maska taxmaq məcburiyyəti yenidən qüvvəyə minir.
Koronavirus xəstələrinin sayına görə sonrakı yerləri tutan Texasda 4 milyon 395 min, Floridada 3 milyon 764 min, Nyu-Yorkda isə 2 milyon 954 min yoluxma halı aşkarlanıb.
Qeyd edək ki, Birləşmiş Ştatlar həm COVID-19 infeksiyasına yoluxma, həm də bu xəstəlikdən ölüm hallarının sayına görə dünyada ilk yerdədir.