Ədəbiyyatdan namələr: Nitqi orduya bərabər Qəhrəman!- Namə 8
“İNFONEWS” -un “Ədəbiyyatdan namələr” layihəsi davam edir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Azərbaycan dili” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi”, “Heydər zirvəsi” medalı və “Xarıbülbül” mükafatları laureatı, beynəlxalq dilçi-turkoloq ekspert Aynur Qədimaliyeva Müzəffər Ali Baş Komandan, bütün dünya azərbaycanlılarının Prezindenti İlham Əliyevin 60 illik yubileyinə həsr edilən xüsusi buraxılışını təqdim edir:
Səkkizinci namə:
NİTQİ ORDUYA BƏRABƏR QƏHRƏMAN!
Yaxud, qələbəyə səsyəyən nitq…
Müdriklər demişkən, Söz var kəsər savaşı, Söz var kəsdirər başı…
Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcəyini etibar etdiyi İlham Əliyev barədə dahiyanə uzaqgörənliklə demişdi: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən enerjili və təşəbbüskar bir şəxsiyyətdir… İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”…. İnamı, ümidi Ata Vəsiyyəti ilə doğruldaraq Xalqın layiqli, sevimli oğluna çevrildi…
Prezident İlham Əliyevin ən çox nəzərə çarpan və ən mühüm keyfiyyətlərindən biri də müharibə dövründə hər kəsin diqqətini cəlb edən və yüksək rəğbət qazanan danışıq üslubu və nitq mədəniyyəti idi. Bəli, düşmən üzərində Qələbənin qazanılmasında bacarıqla aparılan silahlı müharibə ilə yanaşı, dövlətimizin başçısının ritorika vasitəsi ilə apardığı müharibənin də rolu danılmazdır. Məhz Liderimizin nitqləri vasitəsilə dünya Azərbaycanı yaxından tanıdı, Azərbaycan isə İlham Əliyevin natiqlik qabiliyyətinə və məharətinə daha da yaxından bələd oldu. Onun yüksək nitq qabiliyyətinin örnəyi, əxz etdiyi mənbə isə məhz atası Heydər Əliyevdir. Və Heydər Əliyev üslubunun layiqli davamçısı olduğunu dünyaya bir daha sübut elədi…
İlham Əliyevin hər çıxışı bir əsərdir, dilçilik, tədqiqat əsəridir. Onun nitqinin daha təsirli xüsusiyyətlərindən biri səsindəki inam, özünəgüvən, xalq dilindən gələn xəlqilik, canlı dilin ifadələridir:
“Niyə demirsən “Qarabağ Ermənistandır?” Qorxursan, qorxacaqsan! Bəs Azərbaycan xalqını təhqir edəndə, “Qarabağ Ermənistandır və nöqtə” deyəndə niyə elə cəsarətli idin? Kimə güvənirdin? Kimə arxalanırdın? Bilmirdinmi ki, gün gələcək, bu əməllərə görə cavab verəcəksən?! Bu gün gəlibdir və gəlir”. Budur, ritorik sualların əsasında qurulan əzəmətli nitq…
“Tikəcəyik, quracayıq, dirçəldəcəyik” sözünü tutmaq sədaqət, mərdlik, elinə-obasına sahib çıxmaq, gələcəyə inamla səsləməkdir…
Xalqın ürəyinə məhz bu ifadələrlə yol tapan, xalqının sevgisini qazanan, Qarabağımızı düşmən tapdağından xilas edən, tarix yazan Qəhraman Liderimiz – Cənab İlham Əliyev!
Tanrının bəxş elədiyi ömrü layiqincə, könlünüzcə yaşayın!