Son bir il ərzində işğaldan azad olunan ərazilərdə bütün dünyanı heyrətə salan layihələr həyata keçirilib
“İNFONEWS” xəbər verir.
Son bir il ərzində işğaldan azad olunan ərazilərdə bütün dünyanı heyrətə salan layihələr həyata keçirilib. Heç kim gözləmirdi ki, Azərbaycan belə qısa zamanda belə böyük layihələrə imza atacaq.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Prezident: Zəfərə davam, Zəfərə inam!” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ali Baş Komandan 44 gün ərzində yorulmadan təkcə sərkərdə kimi deyil, həm xarici mediada, həm də beynəlxalq arenada güclü siyasət yürüdüb, xalqı öz ətrafında birləşdirməyə nail olub.
“Dəmir yumruq düşmənin başına elə dəydi ki, artıq özlərinə gələ bilməzlər. Vətəndaşlarımızın tezliklə qayıtması üçün mübarizə aparırıq. Yenidənqurma işlərini elə bir səviyyədə həyata keçirmək lazımdır ki, həm dayanıqlı, həm də düşmənə gözdağı olsun.
Bu gün Qarabağda avtomobil yolları, rabitə-kommunikasiya, internet, kabel tv kimi ən müxtəlif layihələr icra edilir. Ağdam, Tərtər kimi keçmiş təmas xəttinə yaxın ərazilərdə ciddi minatəmizləmə əməliyyatları həyata keçirilir. Gecə-gündüz təmizlik aparılır. Onların fədakarlığı nəticəsində Qarabağda bərpa işləri aparırıq. Bərpa işləri planlamadan çox asılıdır. Hər şey kifayər qədər düzgün planlaşdırılmalıdır. Bizim səhv etməyə haqqımız yoxdur. Əsgərlərimiz, Ali Baş Komandan onun üçün əziyyət çəkməyib ki, məsuliyyətsizlik səbəbindən itkiyə yol verilsin”, – deyə o bildirib.