Gününü tədbirlərdə keçirənlər: məcburiyyət, vərdiş, YOXSA…

Gününü tədbirlərdə keçirənlər: məcburiyyət, vərdiş, YOXSA…

“İNFONEWS” “Bakupost.az” – a istinadən xəbər verir.

Millət vəkilləri, ictimaiyyət nümayəndələri, ziyalılar, xüsusən də bir sıra media rəhbərləri mütəmadi olaraq maarifçilik, ictimai mövzulu tədbirlərdə, təqdimatlarda iştirak edirlər. Bəzən gün ərzində onları bir neçə tədbirdə görmək mümkündür. Daimi tədbirlərdə olmaq, vaxtının çox hissəsini buna sərf etmək bu insanların az qala gündəlik həyatına, iş rejiminə çevrilib.

Bəs bu adamlar əsas işləri, vəzifələri ilə nə vaxt məşğul olurlar.

Bu cür “iş qrafiki” onları yormur ki?

ONLARIN YANINDA OLMAQ BİZİM BORCUMUZDUR

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov Bakupost.az-a deyib ki, gün ərzində üç, dörd, bəzən isə altı tədbirdə iştirak edir. Hətta həftənin şənbə və bazar günlərində də keçirilən tədbirlərdə, görüşlərdə iştirak etməli olur: “Gün ərzində beş, altı tədbirdə olmaq heç də asan deyil. Bu tədbirlərdən də imtina etmək mümkün deyil. Tədbirlərlə yanaşı, televiziya, radiolarda çıxışı və mətbuata açıqlamaları nəzərə aldıqda, günün necə gərgin keçdiyi aydın görünür. Elə yığıncaqlar var ki, onlar doğurdan da çox əhəmiyyətli. Orada iştirak vacib və mütləqdir. Tədbirlər zamanı diqqət olunmalı ən əsas məsələlərdən biri reqlamentə düzgün əməl olunmasıdır. Bir çox hallarda biz tədbirlərin vaxtından gec, bəzən isə uzanmasının şahidi oluruq”.

Millət vəkili qeyd edib ki, mütəmadi olaraq tədbirlərdə iştirak etmək insanda yorğunluq yaradır: “Hesab edirəm ki, nə qədər yorğun olsam da, dəvət olunduğum tədbirlərin hər birində iştirak etməliyəm. Çünki, buna ehtiyac var. İctimai təşkilatlar və bir çox insanlar bizi bu tədbirlərdə görmək, dinləmək istəyir. Mən xüsusilə də şəhid ailələri və qazilərin iştirakı ilə təşkil olunan bütün tədbirlərə mütləq şəkildə qatılıram. Hesab edirəm ki, onların yanında və onlarla bir arada olmaq bizim vətəndaşlıq borcumzdur”.

BU GÖRÜŞÜ YÜKSƏK SƏVİYYƏDƏ TƏŞKİL EDİLƏN TƏDBİRDƏN ÜSTÜN TUTURAM

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynovanın sözlərinə görə, tədbirlərin mövzusu müxtəlifdir, bunlar elmi, maariflənmə, hər hansı xüsusi günlə bağlı, yerli və ya beynəlxalq səviyyəli olur: “Ancaq mövzusundan asılı olmayaraq, dəvət olunduğum tədbirlərdə böyük məmnuniyyətlə iştirak edirəm. Çalışıram ki, iştirak və çıxış etməklə həm məsələyə münasibət bildirim, həm də problemin qarşısının alınmasına öz töhfəmi verim. Mənim üçün ən vacib şəhidlərimiz və qazilərimizlə bağlı tədbirdə iştirak etməkdir. Bəzən belə ailə ilə görüşü daha yüksək səviyyədə təşkil edilən tədbirdən üstün tuturam. Əgər tədbir eyni vaxta düşərsə, təbii ki, şəhid ailəsi ilə görüşü üstün tuturam. Bundan əlavə Milli Məclisdə sədrlik etdiyim Komitə tərəfindən də il ərzində bir neçə dəfə ictimai dinləmələr keçiririk. Bu isə ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində qanunvericilik bazasının daha da gücləndirilməsi məqsədi daşıyır”.

HƏYAT TƏRZİMƏ ÇEVRİLİB…

Millət vəkili Tamam Cəfərova deyir ki, o heç vaxt tədbirlərdə iştirak etməkdən yorulmur: “Ola bilər ki, arada fiziki yorğunluq olsun. Ancaq mənəvi cəhətdən yorulmuram. Əksinə, bu tədbirlərdə iştirak edib, öz töhfəmi verməkdən mənəvi zövq alıram. Mənim keçdiyim həyat yolu elə olub ki, ali məktəbdə müəllimliklə yanaşı, 20 ildən çox qeyri-hökumət təşkilatının rəhbəri olmuşam. Layihələrlə bağlı davamlı olaraq tədbirlərdə iştirak eləmişəm. Beləliklə də, tədbirlərdə iştirak artıq mənim həyat tərzimə çevrilib”.

BƏZİ TƏDBİRLƏRƏ DAHA HƏVƏSLƏ VƏ ÜRƏKLƏ GEDİRƏM

Millət vəkili Aqil Abbas qeyd edib ki, dəvətli olduğu bütün tədbirlərdə, kitab təqdimatlarında, görüşlərdə məmnuniyyətlə iştirak edir: “Mənim üçün tədbirdə iştirak etmək dostlarla ünsiyyətdə olmaqdır. Çoxdandır görmədiyim insanlarla görüşməkdir. Açığı deyim ki, bəzi tədbirlər var ki, ora daha həvəslə və ürəklə gedirəm. Belə tədbirlərdə çıxış etmək də mənə xoş təsir bağışlayır. Qoyulan mövzu ətrafında maraqlı fikir mübadiləsi aparmaq və söhbət etmək mənə ləzzət edir”.

TƏDBİRİN VAXTININ UZADILMASI İNSANI YORUR

Millət vəkili Fazil Mustafa bildirib ki, ədəbi –bədii gecələr və maraqlı mövzusu olan tədbirlərdə iştirak etmək onun üçün daha maraqlıdır: “Belə təşkil edilən gecələrdə insan dincəlir. Mən belə tədbirlərdə iştirakdan əsla yorulmuram, əksinə zövq alıram. Maraqlı mövzusu olan tədbirlərdə də iştirak etmək çox xoş olur. Bu səpkili tədbirlərdə məmnuniyyətlə iştirak edirəm”.

F.Mustafa deyir ki, keçirilən tədbirlərin bir çoxu vaxtında başlamır, gecikmələr olur: “Tədbirlərin bir çoxu deyilən vaxtdan xeyli gec başlayır. Vaxt dəqiqliyinin olmaması insanların əlavə vaxt itirməsinə səbəb olur. Vaxtın süni sürətdə uzadılması isə insanı yorur. Bəzən belə olan halda yorulub tədbiri yarımçıq tərk etmək məcburiyyətində qalırsan”.

ŞƏKİL ÇƏKDİRİB QAYIDIRIQ

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyir ki, tədbirlərin keçirilməsi ictimai-siyasi mühiti aktivləşdirir, fəallaşdırır. Eyni zamanda xəbər yaradır. Tədbirlər maraqlı müsahibləri bir araya toplayır ki, bu da jurnalistlərin açıqlamalar almasına, xəbər toplamasına şərait yaradır: “Ancaq bizim kimi media qurumlarının rəhbərlərinin burda iştirakı ciddi vaxt itkisidir. Mən bu məsələdə çox əziyyət çəkirəm. Dostlar, tanışlar, mühüm qurumlar dəvət edəndə də getməmək olmur. Amma biz iş adamıyıq. İnformasiya siyasəti vadar edir ki, xəbər axınının nəbzini tutmaq üçün biz daim iş başında, redaksiyada olaq. Bu səbəbdən də gedib bir tədbirdə iki bəzən də üç saat oturmaq bizə sərf etmir. Bəzi tədbirlərə dinləyici qismində dəvət olunuruq, çıxış etmək üçün söz verilmir. Aksesuar kimi dəvət edirlər, şəkil çəkdirib qayıdırıq. Belə tədbirlərdə iştirak bizim üçün vaxt itkisidir. Bu səbəbdən ora getməyəndə bəzi dostlar bizə anlayış göstərməlidir. Onsuz da biz tədbiri işıqlandırmaq üçün jurnalist göndəririk. Məncə, bizim getməyimizə ehtiyac yoxdur. Bu xəbər siyasəti üçün də xeyirli deyil. Fikrimcə, üç, dörd, bəzən isə beş saat çəkən tədbirdə iştirak vaxt itkisindən başqa bir şey deyil”.

R. Arifoğlunun sözlərinə görə, bəzən eyni tədbirə media quruluşlarının rəhbərlərinin 10-12-ni dəvət edirlər. Bu zaman da media qurumlarının iş prosesi, proqramı tamamilə pozulur: “Doğrudur, tədbirdə olan zaman telefon vəsitəsilə bəzi tapşırıqlar, təlimatlar veririk. İş prosesinə nəzarət etməyə çalışırıq. Ancaq işi kənardan, telefon vasitəsilə idarə etmək, nəzarətdə saxlamaq bizim üçün çox çətin olur. Eyni zamanda xoş olmayan görüntü yaradır. Sonradan tədbirdən çəkilən foto və videolara baxdıqda başımız aşağı, telefonla məşğul olduğumuz görüntüsü xoş olmayan mənzərə yaradır”.

QULAQ ASAN YOXDURSA, TƏDBİRİ UZATMAĞIN NƏ MƏNASI

“Ədalət” qəzetinin baş redaktoru, yazıçı-publisist İradə Tuncayın dediyinə görə, siyahıda adının qarşısında gəlibdir işarəsi qoyulmaq üçün dəvət olunduğu tədbirə getmir: “Mənim tədbirdə iştirakıma görə məmnun olacaqlarsa oraya gedirəm. Səmimi ortamda olmağı və bu tip görüşlərdə iştirak etməyi daha üstün tuturam”.

İ.Tuncay vurğulayıb ki, müəyyən vaxtdan sonra tədbirdə iştirak edən insanların böyük əksəriyyəti danışılan fikirlərə qulaq asmır: “Qulaq asan yoxdursa, tədbiri uzatmağın və uzun danışmağın nə mənası”.

HƏR ZAMAN DA BELƏ TƏDBİRLƏRİN ƏLEHİNƏ OLMUŞAM

APA Media Qrupun təsisçisi Vüsalə Mahirqızı deyir ki, keçirilən tədbirlər bəzən o qədər uzun çəkir ki, insan yorulur: “Bir saat nəzərdə tutulan tədbir iki, üç saat, bəzən isə daha uzun çəkir. Orda iştirak edən hər kəs də yorulur, bezir. Şəxsən mən uzun çəkən müzakirələrin daha da səmərəli olduğuna inanmıram. Fikrimcə, hər hansı bir mövzu ətrafında müzakirələrin bir saatdan artıq davam etməsinə ehtiyac yoxdur”.

V. Mahirqızının sözlərinə əsasən, media sahəsi ilə bağlı keçirilən təbdirlər də qısa formatlı olmalıdır: “Düşünürəm ki, media rəhbərləri ilə ikili görüşlər, qeyri-rəsmi formatda müzakirələr daha çox effektlidir. Bütün məsələlər əsasən ikili görüşlərdə müzakirə olunur, problemlər daha açıq şəkildə qoyulur. Bu təcrübə bütün dünyada mövcuddur. Media rəhbərləri ilə ictimai əhəmiyyətli nazirliklərin, böyük qurumların rəhbərləri səhər yeməyində, kofe stolu ətrafında və ya axşam yeməyində yığışaraq kuluar məsələləri müzakirə edə bilərlər. Böyük tədbirlər konnektur xarakterli tədbirlərdir. Belə tədbirlər də nə qədər qısa olsa bir o qədər yaxşıdır. Ümumiyyətdə mən bütün formatlarda böyük iclasların əleyhinəyəm. Media rəhbərlərinin də iş fəaliyyətlərinə aidiyyəti olmayan şəxslərlə böyük formatlı görüşlərinə isə doğru hesab etmirəm. Belə tədbirlərin 90 faizinə də mən qatılmıram. Dəvət olunmağıma rəğmən”.

V. Mahirqızı qeyd edib ki, əvvəllər media rəhbərləri ilə icra başçıları və idarə rəisləri arasında görüşlər təşkil olunurdu: “Azərbaycan mediasında olan çox böyük əksəriyyət bilir ki, bir ikisi istisna olmaqla mən heç vaxt belə görüşlərə qatılmamışam. Hər zaman da belə tədbirlərin əleyhinə olmuşam. Media rəhbəri ilə icra başçısının nə müzakirəsi ola bilər? Mediaya aidiyyəti olmayan hansısa bir idarə rəisi ilə media rəhbəri oturub nə danışa bilər ki, hələ bunu iclas halına da salasan”.

BEZİB, TƏDBİRİ TƏRK ETMƏK MƏCBURİYYƏTİNDƏ OLURAM

Təhsil eksperti Nadir İsrafilov bildirib ki, müxtəlif səpkili tədbirlər cəmiyyətimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının tərkib hissələrindən biridir. Dövlət səviyyəli tədbirlər, regional, lokal xarakterli tədbirlər var ki, bunlar da tədbirin həsr olunduğu məsələnin məzmun və mahiyyətinin açılmasında, aktuallığının ictimailəşdirilməsində müstəsna rol oynayır. Son zamanlar onlayn xarakterli məsafədən tədbirlər də geniş yer alıb. Bir çox tədbirlər isə rəsmi və bədii hissədən ibarət olmaqla tədbirə əlavə rəng qatmış olur: “Ay ərzində, bəzən isə həftədə bir neçə tədbirdə iştirak etməli olursan. Elə tədbir olur ki, 3 saat müddətində sanki, dincəlirsən, əks halda 30 dəqiqə ərzində bezib, tədbiri tərk etmək məcburiyyətində qaldığım hallar da olur. Hər şey tədbirin təşkilindən, təşkilatçıların peşəkarlıq və məsuliyyət hissindən asılı olub, auditoriyanı ələ almaq bacarığında özünü büruzə vermiş olur. Konfrans xarakterli tədbirin əsas şərtlərindən biri reqlamentə əməl olunmasıdır. Bəzən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəziləri tərəfindən reqlamentə əməl edilməməsi ucbatından, bezib tədbiri tərk edənlər də az olmur”.

KÖNÜLSÜZ GETDİYİ, MƏCBURİ İŞTİRAK ETDİYİ TƏDBİRLƏR

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli bildirib ki, həvəslə iştirak etdiyi tədbirlər də var, könülsüz getdiyi, məcburi iştirak etdiyi tədbirlər də: “Elə tədbirlər var ki, orada mən böyük həvəslə və ürəklə iştirak edirəm. Mənə ürəyimcə olan tədbirə qatılmaq daha xoşdur. Ancaq getməyə məcbur olduğum tədbirlər də var”.

Q.Məhərrəmlinin dediyinə görə, tədbirdən- tədbirə fərq var. Elə toplantı var ki, çox maraqlı və məhsuldar keçir və insana xüsusi enerji verir. Eləsi də var ki, adamı yorur: “Xüsusən də bəzi kitab təqdimatlarında mən çox sıxılıram. Belə təşkil olunmuş tədbirin forması ənənəvi olduğu üçün insanı yorur və vaxt itkisinə səbəb olur. Saatlarla davam edən yığıncaqlara qatılmaqla günün çox hissəsini itirmiş olursan. Bu səbəbdən də insan istər istəməz seçməli olur ki, hansı tədbirə getsin hansına getməsin”.

BELƏ OLANDA İNSANLAR YORULMUR VƏ TƏDBİRDƏ SONA QƏDƏR İŞTİRAK EDİR

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov vurğulayıb ki, tədbirləri maraqlı edən müzakirə edilən mövzuya uyğun qonaqların dəvət olunmasıdır: “Tədbirlərə onun mövzusuna uyğun qonaqlar dəvət ediləndə çıxışlar da müzakirələr də maraqlı olur. Belə olanda insanlar yorulmur və tədbirdə sona qədər iştirak edir. Hesab edirəm ki, tədbirlər, müzakirələr keçirilməlidir. Çünki məhz belə tədbirlər vasitəsilə fikirlər, ideyalar insanlara çatdırılır”.

MƏNDƏN BİR NEÇƏ NÜSXƏ OLSAYDI…

AYB-nin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, tədbirlərin çoxluğu ictimai fəal insanlara təsir edir və yorur:

“Həmçinin tıxacları nəzərə alsaq, bir tədbirdən o biri tədbirə gedib çatmaq çətin olur. Baxmayaraq ki, hələ də onlayın tədbirlər də davam edir. Bəlkə də tədbirlərin bolluğu pandemiyadan sonra yaranıb. Eyni zamanda hesab edirəm ki, bəzi qurumlarda bu tədbirlərin keçirilməsi həm də özünü təsdiq formasıdır. Həm də təbliğat formasıdır ki, öz işlərini reklam edirlər. Amma ictimai fəal insanlar əlbəttə ki, yorulurlar. Bəzən gün ərzində bir neçə, bəzən eyni vaxtda 2-3 tədbir keçirilir. Mən eyni vaxtda 3 tədbirə dəvət alanda, sosial şəbəkədə buna münasibət bildirirəm ki, o zaman gərək heç birinə getməyəsən. Çünki birinə gedib, digər ikisinə getmiyəndə inciklik yaranır. Hamı umur ki, tanınmış insanlar daha çox onların tədbirlərində iştirak etsinlər. Bu barədə bir neçə dəfə sosial şəbəkələrdə ironik sarkazımla statuslar yazmışam. Bir dəfə yazmışdım ki, məndən bir neçə nüsxə olsaydı, eyni vaxtda olan tədbirlərə göndərərdim. Rus şairi Vladimir Mayakoviskinin vaxtı ilə iclaslara həsr etdiyi şeir var. Mayakoviski yazırdı ki, kaş bir iclas çağırıla, ləğv etmək üçün bütün iclasları. Müasir formada bu iclasları tədbirlərlə əvəz etmək olar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir