“Düşünən oxucu” müsabiqəsinə start verilib – YENİ LAYİHƏ

“Düşünən oxucu” müsabiqəsinə start verilib – YENİ LAYİHƏ

“İNFONEWS” xəbər verir.

Ümumi təhsil müəssisələrinin V-IX sinif şagirdləri arasında “Düşünən oxucu” adlı müsabiqəyə start verilib.

Məqsəd təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılmasıdır. Müsabiqə yerli nəşriyyatlarla əməkdaşlıq çərçivəsində təşkil olunacaq.

3 mərhələdən ibarət olan müsabiqənin məktəb mərhələsi 5 – 21 yanvar tarixlərində ümumi təhsil müəssisələrində, rayon (şəhər) mərhələsi 24 yanvar – 7 fevral tarixlərində bölgələrdə, ölkə mərhələsi 8 – 21 fevral 2022-ci il tarixlərində videotəqdimatların qiymətləndirilməsi formatında Bakı şəhərində həyata keçiriləcək.

Müsabiqə çərçivəsində şagirdlər Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin kitabxanalarına təqdim olunmuş kitablar əsasında müəyyən edilmiş “Oxu ədəbiyyatı siyahısı”nda bir əsəri oxuyaraq videotəqdimat hazırlamalıdır.

Maksimum 5 dəqiqə olan videotəqdimatda şagird bədii əsərin mövzu və ideyasını təhlil edərək əsərin ona təsirini dəyərləndirməli, eyni zamanda təhlil zamanı “Bədii qəhrəmanın yerinə olsa idim, nə edərdim?”, “Əsərin müəllifinə hansı sualları verərdim?”, “Niyə bu kitabı oxumağı həmyaşıdlarıma məsləhət bilirəm?” suallarından ən azı birinə cavab verməlidir.

Sonda müsabiqə qaliblərinin diplom və hədiyyələrlə təltif edilməsi nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir