Dövlət İmtahan Mərkəzi növbəti TOEFL iBT imtahanı təşkil edəcək
“İNFONEWS” xəbər verir.
Dövlət İmtahan Mərkəzində (DİM) yanvarın 22-də TOEFL iBT imtahanı keçiriləcək.
Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, ETS-nin (Educational Testing Service–Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanı Dövlət İmtahan Mərkəzinin Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.
Maraqlanan şəxslər saat 08.00-dan gec olmayaraq aşağıdakı sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:
1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
2. “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”.
İmtahan iştirakçısı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edib imzalanmış şəkildə gətirməlidir.
İmtahan saat 9:00-da başlanır.
TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həyata keçirilən sanitar-gigiyenik tədbirlər çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi, həmçinin fasilə zamanı ara məsafənin saxlanılması təmin olunacaq.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.