Folklor İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Folklor İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

“İNFONEWS” xəbər verir.

AMEA-nın Folklor İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu barədə institutdan məlumat verilib. Tədbirdə institutun baş direktoru akademik Muxtar İmanov bildirib ki, 1987-1988-ci illərdə Ermənistandan soydaşlarımız vəhşicəsinə çıxarılıb. Qanlı Yanvar günlərinə toxunan M.İmanov qeyd edib ki, bu faciənin törədilməsi Azərbaycan xalqının iradəsini sındırmaq cəhdi idi. Akademik vurğulayıb ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini, ərazi bütövlüyümüz, müstəqilliyimiz uğrunda mübarizəmizi göstərən bir hadisədir. Digər tərəfdən, 20 Yanvar bizim üçün nə qədər faciəli gün olsa da, bizim sonrakı qələbələrimizin, mübarizəmizin bir başlanğıc nöqtəsidir.

Professor Seyfəddin Rzasoy bildirib ki, xalqımız öz azadlığını rahat əldə etməyib, bunun üçün mübarizə aparıb, 20 Yanvar hadisələri Azərbaycan xalqının iradəsini ortaya qoyub.

Dosent İlhamə Qəsəbova isə qeyd edib ki, 20 Yanvar hadisəsi əslində 1989-cu il dekabr ayının 1-də Qarabağda Azərbaycan atributlarını götürüb yerinə erməni bayrağının və gerbinin asılması ilə başlayıb. Bunun ardınca da düşmən olan qonşularımız öz dədə-baba torpaqlarımızdan insanlarımızı işgəncələr verə-verə çıxarıblar. Məruzəçi daha sonra ictimaiyyətə naməlum qalan 1990-cı ilin daha ağır bir faciəsi haqqında məlumat verib. Bildirib ki, 1990-cı il martın 23-dən 24-ə keçən gecə Qazaxın Bağanıs-Ayrım kəndini ermənilər zirehli maşınlar və silahlarla mühasirəyə alaraq evləri talan edib, insanları diri-diri yandırıblar: “Bir ailənin yeddi üzvü – ən böyüyü 75, kiçiyi isə 39 günlük olan körpə diri-diri yandırılıb. Kənd əhalisinin köməyinə gedən Bəxtiyar, Kamran qardaşları və Xəqani adlı yaxın qohumları erməni pusqusuna düşüblər, onları da ermənilər ot tayasının altında yandırıblar”.

Dosent Şakir Albalıyev isə qeyd edib ki, 20 Yanvar hadisələri əsarət boyunduruğundan xilas olmaq istəyən Azərbaycan xalqının və bizi bu boyunduruqdan çıxarmaq istəməyən silahlı imperiyanın toqquşma məqamı idi.

Tədbirdə Folklor Studiyasının 20 Yanvar faciəsi ilə bağlı hazırladığı sənədli film nümayiş olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir