Qədim Azərbaycan irsi Nyu-York sərgisində
“İNFONEWS” xəbr verir.
Gəncə şəhərindən olan və hazırda Nyu-York şəhərində yaşayan azərbaycanlı gənclər Orxan Məmmədov və Lara Binnet ölkəmizin mədəni irsini dövrümüzün ən son texnologiya alqoritmi sayılan süni intellekt ilə birləşdirərək sərgi təşkil etməyi qərara alıblar. Nyu-York şəhərində təşkil ediləcək sərgidə dünya ictimaiyyəti Azərbaycanın mədəni iris ilə bir daha yaxından tanış olacaq.
Sərgi yanvarın 27-də açılacaq və Mayamidə yerləşən rəqəmsal incəsənət şirkəti “Blackdove”ın rəsmi instaqram hesabında izləyicilər üçün canlı yayımlanacaq. Nyu-Yorkun və dünyanın görkəmli kolleksiyaçılarının dəvət aldıqları sərgidə 9 sənət əsəri nümayiş olunacaq.
Qeyd edək ki, istedadlı gənclərimiz Məhsəti Gəncəvi və Nizami Gəncəvi kimi dahi şəxsiyyətlərin yaşayıb yaratdıqları Gəncə şəhərində doğulub, böyüyüblər. Dünyanın ən reytinqli universitetlərini bitirən və qabaqcıl şirkətlərin süni intellekt ilə reklam olunmasında yaxından iştirak edən Lara Binnetin babası Mustafayev Məhmət əslən Goranboy rayonunun Quşçular kəndindən, nənəsi isə Şamaxının Salamzadə nəslindəndir. Onun Azərbaycanın qədim mədəni irsinə, azərbaycançılıq məfkurəsinə olan sevgisi, bağlılığı və əmək sərf edərək bu dəyərləri dünyanın gözü önündə yayımlaması da elə öz böyüklərinin əslən bu torpaqdan olmasıdır.
Süni intellekt üzrə yüksək biliklərə sahib olan Orxan Məmmədov isə dünyaya Azərbaycan mədəni irsini çağımızın ən son texnologiya alqoritmi ilə birləşdirən yeganə insanlardandır. Belə ki, O.Məmmədov 2019-cu ildə İtaliyanın Venesiya şəhərində keçirilən 58-ci beynəlxalq dərəcəli Venedik Bienali müasir incəsənət sərgisində Azərbaycan pavilyonunu layiqincə təmsil edib. Hazırda O.Məmmədov dövrümüzün ən müasir süni intellekt alqoritmindən istifadə edərək, muzeylərimizdə olan ənənəvi Azərbaycan xalça və kilimlərinin on minlərlə təsvirini emal edərək oxşarlıqlarına əsaslanan yeni hüdudsuz kombinasiyalar yaratmağa müvəffəq olub. O indiyədək 150 mindən çox xalça kompozisiyası və eskiz toplayaraq süni intellekt vasitəsilə birləşdirib və “Estetikanın dirçəlişi” sərgisində bu günə qədər mövcud olmayan xəyali kilimlər yaradıb və dünyaya nümayiş etdirib.