Yetişməyən “hərşeyşünaslar”, yoxsa yarımçıq papaqçılar

Yetişməyən “hərşeyşünaslar”, yoxsa yarımçıq papaqçılar

“İNFONEWS” xəbər verir.

Pandemiyadan sonrakı dövrdə qəribə bir tendensiya müşahidə edilir. Gündən-günə bəzi yeniyetmələr özlərini ekspert sayan, “hərşeyşünaslıq üzrə” fəlsəfə doktorları və “akademiya” rəhbərləri hər gün artmaqda davam etməkdədir. Hətta bəziləri müxtəlif yollarla gəncləri aldadırlar.

Biz sözlə, deyəsən, pandemiya bu qəbildən olan insanlar üçün əsl fürsətə çevrilib. Bununla bağlı cəmiyyətdə, zaman-zaman haqlı narazılıqlar olub, olmaqdadır. İndi  bu tendensiya  sanki daha geniş vüsət alıb. Bununla bağlı bir çox araşdırmalar, yazılar hazırlanıb, amma yetkinlik yaşına çatmayan, bəzi +18  imkanlardan məhrum olanlar indi sosial şəbəkələr üzərindən özlərini, sanki nəzarətsiz bir meydana atıblar.

Doğrudur, gənclərin bu və ya digər sahələr üzrə olan  nəzəri və praktiki bilik və bacarıqlara yiyələnməsi, günü-gündən daha da inkişaf etmələri çox sevindirici və təqdirəlayiq haldır, amma və lakin peşəkarlığa ilk qədəmlərini qoyan və haqqında danışılan yeniyetmələrin özlərini ekspert adlandırması, onların həm indiki, həm də gələcək karyeraları üçün  çox ciddi yanlışlıqdır. Hələ orta məktəb partasından yenicə ayrılan, heç bir təşkilatın, qurumun, heç bir layihədə belə iştirak etməyən şəxslərin təşkilatlanmaq istəyi gülünc bir haldır. “General olmağı arzulamayan əsgər yaxşı əsgər deyil”. Amma əsgər… Hansısa orta məktəbi belə bitirə bilməyən, ən yaxşı halda güclə attestat əldə edənlər yox… Sözügedən şəxslər özlərini cəmiyyətə uğurlu gənc kimi sırımaq üçün qanunsuzluqlara yol verirlər. Özlərini qondarma bir qurumun və ya təşkilatın müdiri kimi təqdim edən yeniyetmələr, ciddi məsələləri, sanki “TikTok” meydanında həyata keçirirmiş kimi özlərini aparırlar. Amma bu meydan, o “meydan” deyil – burada videonu montajlamaq, hansısa effekti vermək olmur. Burada kimsənsə, elə osan. Ya da başqa sözlə, “yalanın qırx gün ömrün var”.

Ey Gənclik!

Hələ qarşıda öyrənəcəyimiz, görəcəyimiz çox işlər var. Vaxtı gələndə həyatın özü bizdən elə bir mütəxəsis düzəldəcək ki, özümüz belə bunun fərqinə varmayacağıq. Elə ona görə də “yarımçıq papaqçılar olmaqdansa, kamil bir palançı” olaq və ya olmağa çalışaq…

Çünki GƏLƏCƏK YALNIZ SAVADLI, BİLİKLİ GƏNCLƏRİNDİR!

Fariz Faiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir