“Şuşanın adından sui-istifadə hallarına son qoyulmalıdır!”
Ölkədə “Şuşa Milli Mükafatı” təqdim edilir. “Zəfər təntənəsi” adlı statusu bəlli olmayan təsisatın adından və Vəsilə Qabilqızı adlı haqqında heç bir bilgi olmayan şəxsin imzası ilə…
“İNFONEWS” xəbər verir ki, bu fikirləri Azərbaycanın əməkdar jurnalisti, siyasi ekspert Elçin Mirzəbəyli özünün sosial şəbəkə hesabında qeyd edib.
O bildirib ki, “Mükafat”la bağlı məlumatlardakı dil və fikir xətaları, “mükafata” layiq görülən şəxslərin qarşında qoyulan tələblər baş verənlərin əsl mahiyyətini ortaya qoyur:
Kimlərsə mədəniyyətimizin paytaxtına olan sevgidən öz təbliğatları üçün istifadə etməyə cəhd göstərir.
Şuşanın adının yer aldığı bir mükafatı, həm də “Milli Mükafat” statusu ilə yalnız dövlət və onun müvafiq təsisatları, həmçinin Mədəniyyət nazirliyi, Şüşanın daşını-torpağını, ruhunu yenidən dircəldən Heydər Əliyev Fondu təsis edə bilər.
Düşünürəm ki, bu məsələ ciddi şəkildə araşdırılmalı, Şuşa da daxil olmaqla işğaldan azad etdiyimiz yurd yerlərimizin adından sui-istifadə hallarına son qoyulmalıdır.”
Qeyd edək ki, Yanvarın 29-da Bakı Gənclər Mərkəzində “Zəfər Təntənəsi” təşkilatının təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş “Şuşa – Tariximizin dirçələn dəyəri!” adlı tədbir həyata keçirilib və mükafat həmin tədbirdə təqdim edilib.
Mövzunu diqqətdə saxlayacağıq…