İctimai nəqliyyatda maska taxmayanlar CƏRİMƏLƏNDİ
“İNFONEWS” xəbər verir.
Paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülərə qarşı nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə Xətai, Binəqədi, Nəsimi, Sabail, Sabunçu və Suraxanı rayonlarında polis əməkdaşları tərəfindən ictimai nəqliyyatda, xüsusilə avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbirləri tətbiq olunur.
Vətəndaşlardan bir daha xahiş edirik ki, mövcud sanitar-epidemioloji qaydalara əməl etsinlər, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar.