Sumqayıt Dövlət Universitetində qiymət bazarı
Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin dekanı Xalidə Həsənova və Filologiya fakültəsinin dekanı isə Sevinc Həmzəyeva adıçəkilən fakültələrdə təhsil alan tələbələrdən 200 manat təcrübə pulu tələb edir.
Bu barədə adlarının çəkilməsini istəməyən tələbələrdən bir neçəsi redaksiyamıza müraciət edib. Narazı olan tələbələr təhsil aldıqları universitetdə həm imtahanlar, həm təcrübə üçün rüşvətin yığıldığını iddia edirlər.
Tələbələr bildirirlər ki, dekan Xalidə Həsənova qrup nümayəndələrinin əli ilə təcrübə (praktika) üçün onlardan məcburi 200 manat məbləğində pul yığır. Təcrübə təxminən 6 ay müddətində ixtisasa uyğun şirkətlərdə və digər müəssisələrdə həyata keçirilir.
“İlk vaxtlarda təcrübə üçün yığılan pullar könüllü həyata keçirilirdi, yəni kim istəyirdisə pulu verir və təcrübəyə getməklərinə ehtiyac olmurdu. Hazırda isə Riyaziyyat fakültəsində tələbələrdən pulların yığılması məcburi şəkil alıb və həmin məbləği verməyənlər universitetdən xaric olunacaqları ilə hədələnirlər. Hətta bəzi fakültələrdə diplom işi üçün tələbələrdən 1000 AZN rüşvət tələb olunur.”
Universitetin Filologiya fakültəsində təhsil alan və adının çəkilməsini istəməyən tələbərdən biri bildirir ki, imtahanlardan keçmək üçün də müəllimlər tələbələrdən müəyyən məbləğ tələb edirlər.
“Universitetdə imtahanın hər biri 60, təcrübə isə 200 manatdır. Ən dəhşətlisi isə, dövlət imtahanının suallarının hər biri 1 AZN, ümumilikdə isə 700 AZN təşkil edir. Qrupda 25 nəfər tələbə varsa, onlardan böyük əksəriyyəti qərəzli olaraq imtahanlardan kəsilir, az bir hissəsi isə öz savadlarına görə keçirlər. Digər bir məsələ isə dərsə getməsən belə pulunu verib, gəlmədiyin günləri sildirə bilərsən. Pullar isə tələbələrdən qrupda olan qrup nümayəndələri tərəfindən yığılır və yekun olaraq dekana çatdırılır. Filologiya fakültəsinin dekanı isə Sevinc Həmzəyevadır.”
Məsələ ilə bağlı əməkdaşlarımız Sumqayıt Dövlət Universiteti Filoloqiya fakültəsinin dekanı, iddialarda adı hallanan Sevinc Həmzəyevə ilə əlaqə saxlayıb. Dekan bildirib ki, 1 həftədən çoxdur ki, koronavirusa yoluxduğu üçün evdə müalicə alır.
“Məsələ ilə bağlı heç bir məlumatım yoxdur, sizə verilən məlumatlarıda nə dərəcədə həqiqət payı olub-olmaması barədə bir şey deyə bilməyəcəm , çünki hələ təcrübə başlamayıb.
Dekan bildirib ki, belə problemlər olanda mütləq şəkildə hər tələbə fakultənin dekanına müraciət edə bilərlər.
Tələbələrin niyə məsələ ilə bağlı fakültə dekanına müraciət etməmisiniz sualına cavabları isə aşağıdakı kimi oldu:
“Axı imtahan, təcrübə və diplom işi üçün yığılan məbləği dekanlar özləri, yəni Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin dekanı Xalidə Həsənova və Filologiya fakültəsinin dekanı Sevinc Həmzəyeva yığdırır. Biz necə edək, özlərini özlərinə şikayət edək? Çox gülünc və absurd bir məsələdir.”
Qeyd edək ki, tələbələr məsələ ilə bağlı sübut kimi yazılan mesajları və səs yazılarını da redaksiyamıza təqdim ediblər. Hətta pul yığmaq üçün dekan tərəfindən “Gizli qrup” adlı “WhatsApp” qrupu da yaradılıb. Mesajlaşmaya baxdıqda isə açıq-aydın şəkildə pul verməyib özləri praktikada iştirak etmək istəyən tələbələr universitetdən xaric edilmələri ilə hədələnir.
Tələbələr tərəfindən redaksiyamıza təqdim edilən fotoları təqdim edirik.
Mövzu ilə bağlı bütün aidiyyatı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Məsələni diqqətdə saxlayacağıq.