Buster doza olmayan tələbələr universitetə buraxılacaq?

Buster doza olmayan tələbələr universitetə buraxılacaq?

Bu gündən bütün elm və təhsil müəssisələri işçiləri və tələbələr üçün peyvənd sertifikatına dair yeni tələb qüvvəyə minib.

Nazirlər Kabinetinin qərarına əsasən, peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək.

Trend “buster” doza olmayan tələbələrin tədris prosesində iştirak edib-etməməsi ilə bağlı universitetlərə sorğu ünvanlayıb.

Azərbaycan Texniki Universitetinin (AZTU) mətbuat katibi Sevinc İsgəndərova Trend-in sualını cavablayarkən qeyd edib ki, qərar ali təhsil müəssisələrinə də şamil olunur:

“Belə ki, bu gündən yaşı 18-dən yuxarı olan, COVID-19 vaksininin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən və 3-cü doza vaksin olunmayan şəxslərin universitetə girişinə məhdudiyyət qoyulub. Bu barədə müəllim, tələbə və əməkdaşlara əvvəlcədən məlumat verilib”, – deyə o əlavə edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Cavid Hüseynov qeyd edib ki, Nazirlər kabinetinin müvafiq qərarına uyğun olaraq vaksin pasportu etibarsız olan tələbə və müəllimlər iştirakına məhdudiyət var.

“Tədris sabahdan bərpa olunacaq və bütün kollektivə qərar çıxan gündən məlumat verilib. Universitetə buraxılış yalnız etibarlı vaksin pasportu, əks göstəriş və ya immunitet pasportu ilə mümkündür”, – deyə o bildirib.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Cavid Zeynallının verdiyi məlumata görə, 3-cü doza vaksinin vurulması tələbələrə tövsiyə xarakteri daşıyır:

“2-ci dozanın vaxtı bitənlərə tövsiyə olunur ki, 3-cü doza vaksini vursunlar”, – deyə o əlavə edib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) mətbuat katibi Nəcibə Mirzəyeva bildirib ki, hazırda 2 doza vaksinin olmasına nəzarət edirik. 3-cü doza ilə bağlı isə hər hansı bir göstəriş verilməyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mətbuat katibi Elnarə Məmmədovanın sözlərinə görə, peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən qüvvədən düşdüyü üçün həmin şəxslərin universitetə daxil olmasına məhdudiyyətlər qoyulacaq.

“3-cü doza vurdurmayanlar üçün həftəsonuna qədər möhlət veriləcək. Lakin gələn həftədən qaydalara uyğun olaraq əks-göstəriş sertifikatı və ya peyvənd sertifikatı olmayanlar universitetə buraxılmayacaq”, – deyə o qeyd edib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov isə bildirib ki, fevralın 15-dən COVID-19 vaksininin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir