“İNFONEWS” xəbər verir ki, Azərbaycan şairi Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Olmayan Bir Müsahibə …” adlı silsilə materiallar təqdim edir.
Bu material Tərlan Məmmədova həsr edilib…
Küçədən maşın səsi gəldi. Ağ rəngli maşın düz evimin qarşısında dayandı. Tərlanı tanıdım, o bəyaz atlı şahzadələrə bənzəyirdi…
– Nə yaxşı ki, gəldin…
– Gəlməyə bilməzdim, elə özüm də hazırlaşırdım söhbətə.
– Başlayaq, Tərlan?
– Başlayaq…
– Mənimçün ən gorxulu gününu xatırla, sonra ən gözəl gününü, sonra da ən kədərli və axırda ən xoşbəxt…
– Çətin olacaq, amma çalışaram. Ən gözəldən başlayım, izninizlə. Sürücülük vəsiqəmi alanda çox şad idim, özümü artıq sükan arxasında görürdüm (gülür).
– Deyəsən masınlardan xoşun gəlir?
– Özü də necə, dəlisiyəm. İstəyirdim ki, BMW alım nə vaxtsa, amma qismət olmadı.
– Bəs gorxulu gün necə gəldi çıxdı Tərlanın həyatına?
– Elə təsadüfən… Füzulidə idim. Oktyabrın beşi evə zəng etdim, ağladığımı xatırlayıram… Ölmək çətin deyil, vidalaşmaq çətindir. Üç gündən sonra səngərdə idik, dostum yaralandı və məni çağırdı. Ona cavab vermək istəyəndə anladım ki, artıq mən yoxam… Qorxulu idi.
Bir-birimizə baxa bilmədik. Mən göz yaşımı gizlətməyə çalışdım, Tərlan isə o anı yenidən yaşadı…
– Tərlan, bəs gözəl gün necə?
– Əslində ən gözəl və ən kədərli günləri birləşdirmək olar.
– Necə ?
– Ən gözəli odur ki, Səidə mənim həyatımda var idi, mənim müharibədən qayıtmağımı gözləyirdi… Kədərlisi də mənim ona verdiyim sözün üstündə durmamağım… Bacarmadım, vətənə lazım idim. Amma… O mütləq xoşbəxt olmalıdır ki, mən də rahat olum, o bu dünyanın bütün gözəlliklərinə layıqdır.
– Tərlan, evdəkilərə nə isə demək istəyərdin?
– Bilirsiniz, həmişə anama deyirdim ki, mən çox varlı və çox dövlətli biri olacağam. İndi də demək istərdim ki, arzuma çatmışam, axı biz Qarabağı qazanmışıq. Məgər bundan böyük var-dövlət ola bilər? (Gülür). Bir də bacıma deyin ki, birinci özünə, sonra da atama və anama yaxşı baxsın, söz versin mənə.
– Deyərəm… Bikə sənin səsini yazıb xatirə kimi…
– Bilirəm (gülümsəyir). İnşAllah Füzulidə olanda səsimi eşidərlər, bura mənim vətənimdir…