Azərbaycan vətəndaşları Xarkovda problemlə qarşılaşır – Səfirlik hara baxır?
Redaksiyamıza Azərbaycan vətəndaşlarının Xarkovda ciddi problemlə qarşılaşdığı ilə bağlı məlumat daxil olub. Vətəndaşların sözlərinə görə, səfirlik tərəfindən onlara xüsusi vaqon ayrılacağı bildirilsə də, vağzalda ümumi vaqonla gedəcəkləri bildirilib. Hərçənd, səfirlikdən ictimaiyyətə, eləcə də aidiyyatı olan orqanlara sözügedən vətəndaşlara köməklik göstərildiyi məlumatı verilib.
Məsələ ilə bağlı “İNFONEWS”-a videomüraciət göndərən tələbələr qeyd edir:
“Hər kəsi salamlayıram. Hal-hazırda Azərbaycanlılarla birlikdə Xarkovun dəmiryolu vağzalındayıq. Burada xaricilər də doludur. Böyük bir problem var. Bizə ayrıca vaqon veriləcəyi deyilmişdi. Lakin heçnə ayırmayıblar. Konsulluq cavab vermir. Səfirlik cavab vermir. Hər yerə zəng etmişik. Qeydiyyatdan da keçmişik. Hazırda polislərlə danışdıq. Polislər deyir ki, imkan yoxdur, sizə heç bir yer ayrılmayıb. Hamı ilə birlikdə ən axırıncı qatarla gedəcəksiniz. Bombaları çox yaxına atırlar. Yer sirkələnir. Xahiş edirəm, bu müraciəti maksimum paylaşın ki, hamı görsün. Konsulluq, səfirlik hər yerdə köməklik olunduğunu, bütün vətəndaşların çıxarıldığını deyirlər. Amma heç kim çıxarılmayıb. Heç bir köməklik yoxdur. Gedənlər öz şəxsi vəsaiti, öz hesabına çətinliklə buranı tərk edir. Əksər halda camaat zor-bəla ilə Lvov şəhərinə gedir, oradan da ayaqla 20 km. məsafəni gizlənə-gizlənə, qaça-qaça sərhədə çata bilirlər. Yəni heç bir köməklik yoxdur!”
Qeyd edək ki, bu azərbaycanlı vətəndaşlar biznesmen və ya iş adamı deyillər ki, öz hesablarına ölkəyə qayıtsınlar. Bu şəxslər ölkəmizin gələcəyi olan tələbələrdir. Problemlə bağlı aidiyyatı qurumlar ciddi ölçü götürməlidir.
Əminik ki, problem qısa bir zamanda həll ediləcək.
Video müraciəti olduğu kimi təqdim edirik:
MƏSƏLƏNİ DİQQƏTDƏ SAXLAYACAĞIQ.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.