Zirvənin Şəhadət mərtəbəsi – Səhid RUHİD İSLAMLI
“İNFONEWS” xəbər verir.
23 may 2019 tarixi idi. Söhbət edir, hər dəfə hansısa mövzu seçib, barəsində müzakirələr aparırdıq. Birdən Milli Qəhrəman Mübariz İbrahimov haqqında mövzu açıldı. Bir an üzümə baxıb dedi:
“Ona qarşı içimdə fərqli bir sevgi var. Hər Şəhidimizin həyatını öyrənirəm. Amma Mübarizin həyatı fərqli təsir edir səbəbini bilmədən. Ailələr üçün necə çətindir, hə əzizim? Gəl gör ki, bir şəkildə dayanırlar. Qürurla dayanırlar. Şəhidlik, həqiqətən, çox böyük zirvədir və hər kəsə nəsib olmur. Düşmənə nifrət hissi qəlbimi yandırır. İnanıram ki, gün gələcək qisas da alınacaq, torpaqlarımız da. Kiçikdən-böyüyə, yaşından asılı olmadan hər birimizdə izi qalacaq o illərin. İnsan unudarmı haqsızlığı, vicdansızlığı? Əsla! Üstəlik qanın türk qanıdırsa, 30 deyil 1000 il belə keçmiş olsun, Vətəninə, millətinə edilən haqsızlığı unutmazsan…”
Səsi titrədi. Nə deyəcəyimi bilmədim. “Elədir, əlbət alınacaq. Yenə də unutmarıq, unutdurmarıq” deyib, razılıq əlaməti olaraq başımı yellədim. Qorxurdum. Həm də çox qorxurdum. Arzulayırdı Şəhadəti, Vətənə qovuşmağı. Bu məsələlər barədə tez-tez danışardı. Mən isə sakitcə dinləyərdim…
Bu hiss və düşüncələrin aid olduğu 22 yaşlı Şəhidimiz Ruhid İslamlı 1999-cu il aprel ayının 1-də, Lerik rayon Çeşman kəndində dünyaya göz açıb. 2000-ci il ailəsi ilə birgə Bakı şəhərinə köçmüşdür. 1 bacı, 1 qardaş olaraq 4 nəfərlik ailədə böyümüş, 4 yaşında bağçaya, 2005-ci il isə Əhmədli Humanitar Fənlər Təmayüllü Məktəb Liseyinin 1-ci sinfinə başlamışdır. 2011-ci ildən Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən 315 saylı məktəbdə təhsilini davam etdirmişdir. Ruhid hələ kiçik yaşlarında istər bağça, istərsə də məktəb həyatında yaşıdlarından düşüncə və davranışları ilə olduqca fərqlənirdi.
Şəhidimiz cüdo, kikboksinq, şutboksinq, qaydasız döyüş, cuicutsso, güləş, üzgüçülük, teakvondo, muay-tay kimi idman növləri ilə məşğul olmuş, bu sahədə dərəcələr almışdır. Regional və Respublika səviyyəli rəsmi Dövlət yarışlarında iştirak edərək I və II yerlər üzrə qalib olmuşdur.
Ruhid 2016-2020-ci illər Naxçıvan Müəllimlər İnstitutunun Psixologiya ixtisası üzrə təhsil almış, oxuduğu ilk illərdə universitetdə YAP Gənclər Təşkilatının, eyni zamanda Gənclər Birliyinin sədri kimi fəaliyyət göstərmiş, elə həmin illərdə psixoloq kimi çalışmışdır. Qeyd edim ki, özünün rəhbəri olduğu layihələri, iştirak etdiyi dövlətsəviyyəli psixoloji konfrans və təlimlər mövcuddur. Lakin o, diplomunu özü əlinə almamış, Şəhadətindən sonra ailəsinə təqdim edilmişdir.
Şəhidimiz 29 iyul tarixində həqiqi hərbi xidmətə çağırılmışdır. II Vətən müharibəsinin elə ilk günlərində ərizə yazaraq, ailəsindən xəbərsiz könüllü olaraq Vətənin dar günündə müdafiəsi üçün qatılmışdır. 2020-ci il 6 oktyabr tarixində Ağdərə-Tərtər istiqamətində gedən şiddətli döyüşlərdə şücaətlə vuruşmuş və Azərbaycan Respublikasının bütövlüyü uğrunda qəhrəmancasına şəhadətə ucalmışdır. Bu xəbərə ailəsi ilə yanaşı sadiq dostları, müəllimləri, psixoloq kimi dəstək olduğu insanlar, hətta onu həyatında bir dəfə görən şəxslər belə çox sarsılmışdı. Ruhidin ailəsinə, doğmalarına nəyinki Azərbaycandan, eləcə də qardaş Türkiyədən belə həmkarları baş sağlığı verdi.
Döyüş yoldaşlarından birinin onun haqqında dediklərindən: -Ruhid yaşının az olmasına baxmayaraq, bir çoxumuzdan daha obyektiv düşünürdü. Məsələn, döyüşün elə zamanları olurdu ki, bizi ruhlandırır, motivasiya edirdi. Ən çətin zamanlarda bir psixoloq kimi bizlərə dəstək olur, torpaqlarımızın geri alınacağı gözəl günlərin xəyalından danışır, amımıza səbrli olmağı öyrədirdi. Hiss edirdik ki, nə qədər savadlı və imanlı biridir.
Heç unutmaram, Ruhid praktikada olduğu dönəmlər idi. Şagirdlərlə 1 dərs boyunca vətənpərvərlik mövzusunda söhbətdə olmuşdu. Oradan çıxdıqdan sonra həvəslə danışırdı: “Bir görsən necə öyrənməyə meyllidirlər. Çox çalışsalar, Vətənə layiq övladlar olacaqlar”. Onun qəlbi, sanki sevgidən yoğrulmuşdu. Zamanla düşünürdüm ki, bu qədər sevgi, mehribanlıq, dürüstlük bir tək insanda necə toplana bilər. Hətta bir dəfə tanışımın psixoloqa ehtiyacı olmuşdu. Ruhidi tanıdığı üçün məndən uyğun bir zaman və ödənişi soruşmamı xahiş etdi. Bu barədə ondan soruşdum. O, zamanı ayarladı, lakin heç bir məbləğ demədi. Səbəbini soruşdum israrla. Həmin gün öyrəndim ki, nə qədər psixoloji yardıma ehtiyacı olan insana ödənişsiz köməklik göstərib və bunu hər kəsdən gizlədibmiş. Daha heç bir söz deyə bilmədim…
İndi, Ruhidin həyatda olmadığı zaman anlayıram ki, Ruhidin dedikləri və etdikləri, söhbtləri bizi onsuz yaşamağa hazırlamaq, heç nəyə baxmadan ayaqda qürurlu, güclü dura bilməyimiz üçün imiş.
Arzusuna çatıb, ən gözəl mərtəbəyə yüksəldi. Əziz ruhunun daim bizimlə olduğunu hiss edirik. Sağlığında olduğu kimi, Şəhadətiylə də qürur duyuruq Ruhidin…
Nurlar işimdə yat, əziz qardaşım!