Cənubi Koreyada prezident seçkiləri keçirilir
“İNFONEWS” xəbər verir.
Cənubi Koreyada ölkə tarixinin 20-ci prezidentinin seçilməsi üçün səsvermə keçirilir.
Yonhap agentliyinin məlumatına görə, yerli vaxtla səhər saat 6-da ölkə üzrə 14 min 464 məntəqədə səsvermə prosesi başlayıb. Seçici siyahısına 44,19 milyon nəfərin adı daxil edilib.
Prezidentliyə 14 nəfərin namizədliyi qeydə alınsa da, sonradan 2 nəfər namizədliyini geri götürüb. Prezident vəzifəsi uğrunda əsas mübarizənin hakim Demokrat Partiyasının təmsilçisi Li Ce-myunq və əsas müxalif qüvvə olan Xalqın Gücü Partiyasından Yun Suk-yol arasında gedəcəyi güman olunur. Bundan başqa, Ədalət Partiyasından və parlamentdə təmsil olunmayan partiyaların namizədləri də seçkilərdə iştirak edirlər.
Yerli vaxtla saat 13:00-dək səsvermə hüququ olan vətəndaşların 61,2 faizi (27 milyon nəfər) səsvermədə iştirak edib. Qanunvericiliyə uyğun olaraq, martın 4-də və 5-də erkən səsvermə keçirilib. İlkin səsvermədə seçicilərin 36,93 faizi səs verib.
Aktiv COVID-19 xəstələrinin məntəqələrdə səs verməsi üçün ayrıca vaxt müəyyən edilib. Özünütəcrid rejimində olan və xəstəxanalarda müalicə alan təxminən 8,8 milyon seçici saat 18:00-dan 19:30-dək məntəqə seçki komissiyalarına gələrək səsvermədə iştirak edə biləcək. Həmin müddət yalnız COVID-19 xəstələri üçün ayrılıb.
Qeyd edək ki, bu, 2020-ci ilin aprelindəki parlament seçkisindən sonra pandemiya dövründə Cənubi Koreyada keçirilən ikinci seçkidir. Səsvermə zamanı yoluxmaların qarşısını almaq üçün vətəndaşlardan qoruyuculuq qabiliyyəti yüksək olan maska taxmaq, məntəqələrə fərdi nəqliyyat vasitələri ilə və ya piyada gəlmək tövsiyə olunub. Səlahiyyətli qurumlar məntəqələrdə sosial məsafənin saxlanılmasını, havalandırmanı və hər kəsin maska taxmasını nəzarətdə saxlayır.
Xatırladaq ki, Cənubi Koreyada 1987-ci ildə qəbul edilmiş konstitusiyaya əsasən, prezidenti ölkə vətəndaşları birbaşa seçirlər. Prezidentin səlahiyyət müddəti 5 ildir və hər bir şəxs yalnız bir dəfə prezident vəzifəsini tuta bilər. Hazırkı Prezident Mun Ce-in xanım Park Kın Henin impiçment yolu ilə vəzifəsindən uzaqlaşdırılmasından sonra 2017-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə rəqiblərinə böyük üstünlüklə qalib gəlib.