Araz Marketdə vitrindən kassaya qiymət yüksəlir?
Redaksiyamıza vətəndaş tərəfindən fotofaktla alış-veriş etdiyi Araz Supermarketdə aldığı yağın vitrində ayrı, kassada isə ayrı qiymətə olduğunu əks etdirən müraciət daxil olub.
Bildirək ki, bu kimi hallar zaman-zaman müxtəlif media subyektləri vasitəsilə gündəmə gətirilib. Bəzi marketlər “ucuz qiymət” adı ilə alıcı cəlb etməyə səy göstərir. Belə edərək də müştəriləri aldadırlar. Belə ki, vitrindəki qiymətlərlə kassadakı qiymətlər uyğun gəlmir. Bunu isə yalnız hüquqlarını bilən, diqqətli olan, malı aldıqdan sonra qəbzdəki qiymətlə müqayisə edən alıcılar aşkar edə bilirlər.
Daxil olan məlumatlarda qeyd edilir ki, vətəndaş Araz Supermarketlər Şəbəkəsinə məxsus olan Yasamal rayonu, İsfəndiyar Zulalov küçəsi 17 ünvanında yerləşən “ARAZ ZEYTUN YASAMAL” marketindən Mechta Xozyayki 82.5% 1 kq məhsulu vitrində 5.65 AZN məbləğində görüb və götürərək kassaya yaxınlaşıb. Kassada həmin məhsula görə 5.69 AZN tələb olunub.
İlk baxışda məbləğ arasındakı fərq çox da böyük olmasa belə, bu kimi hallar istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir. Həm də, nəzərə alsaq ki, müştəri hər məhsulda 4 qəpik aldadılır, belə olan halda Araz Market kimi yetərincə dövriyyəsi olan bir şəbəkədə bu 4 qəpik haralara gedib çıxar hesablaya bilmirik.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri “İNFONEWS”-a bildirib ki,
Bu barədə hər həftə Azad İstehlakçılar Birliyinə ölkənin hər yerindən çoxsaylı telefon zəngləri daxil olur. Bu çox yayılmış bir “xəstəlikdir”. Biz təəssüf edirik ki, ölkədə istər satış şəbəkələrində, istərsə də digər yerlərdə hansı yeni texnologiya tətbiq olunursa, onun alt qatında istehlakçıların aldadılması durur. Məsələn, illər öncə marketlərdə məhsulların müasir texniki avadanlıqlardan istifadə edilməklə qiymətin müəyyən edilməsi vasitəsilə satışın avtomatlaşdırılması tətbiq ediləndə biz çox sevindik. Lakin daha sonradan məlum oldu ki, burada da istehlakçıların aldadılması məsələsi durur. Və ya kartlarla nağdsız ödəniş nisbətən geniş yayıldıqca burada da istehlakçıların aldadılması meydana çıxdı. İctimai nəqliyyatda gediş haqlarının ödənilməsi prosesində jetonların müasir kartlarla əvəzlənməsi meydana çıxanda yenə də müəyyən oldu ki, burada da istehlakçıların aldadılması var və s. Gündəmə gətirdiyiniz bu məsələ geniş yayılmışdır. Taxçada qiymət aşağı, kassada isə yuxarı. Əksər istehlakçılar, demək olar ki, 90% istehlakçılar buna əhəmiyyət vermir. Lakin diqqətli istehlakçılar baxır və bunu hiss edir. Belə halda istehlakçı satıcıya və ya müdiriyyətə müraciət etdikdə, sanki bir qayda olaraq bildirilir ki, “yadımızdan çıxıb”. Lakin indiyə qədər qarşılaşmamışıq ki, marketdə yadlarından çıxaraq, taxçada yuxarı qiymət olsun, kassada isə aşağı qiymət. Bu,bilərəkdən, şüurlu şəkildə süni qiymət artımına şərait yaradan bir haldır. Bunu marketlər məqsədyönlü edir. Bu zaman istehlakçı davranışı belə olmalıdır: əvvəla, istehlakçının hüququ var ki, taxçada gördüyü qiyməti ödəsin. İkincisi, istehlakçı müdiriyyət qarşısında məsələ qaldırmalıdır. Onun iştirakı ilə malların qiymətinin dəyişdirilməsi baş tutmalıdır. Bütün hallarda belə hallarla qarşılaşdıqda “çox da yararlı fəaliyyət göstərməyən” İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 5997600 qaynar xəttinə məlumat vermələrini tövsiyyə edirəm.
Məsələni diqqətdə saxlayacağıq.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.