“ÖZÜNDƏN SORUŞDUQ”da – “Bədən və Zehnimizin köklənməsi”

“ÖZÜNDƏN SORUŞDUQ”da – “Bədən və Zehnimizin köklənməsi”

 

“İNFONEWS” -un “ÖZÜNDƏN SORUŞDUQ” rubrikasının qonağı Nigar Sultanovadır.

“Necə ki, ifadan öncə musiqi alətlərin köklənməsinə ehtiyac varsa, biz də eyni şəkildə bədənimizi və zehnimizi kökləyə bilərik. Bununla biz özümüzə daha canlı, daha həyata bağlı hiss etməyimizə yardım edə, özümüzü daxili zəngin resurslu vəziyyətə gətirib çıxara bilərik.”

Bu fikirlər beynəlxalq dərəcəli inklüziv hərəkət “DanceAbility” metodu və “Aktiv Meditasiya” üzrə baş müəllim, sosial sahibkar və “DanceAbility Azərbaycan” İnklüziv Performans şirkərinin təsisçisi Nigar Sultanovaya aiddir.

“İNFONEWS”: – Bilirik ki, yeni kitab üzərində çalışırsınız. Kitab haqqında fikirlərinizi bizimlə paylaşdığınız üçün təşəkkür edirik. Kitabınızın bəzi hissələrini təqdim etdiniz: 

“Özünüzü kökləmək üçün dərindən nəsəf alıb, inamla, özünüzə əminliklə içdən söyləyin.

Sağ əlimi havaya qaldırıram,
Sol əlimi havaya qaldırıram,
Bədənimi sərbəst buraxıb, onun istədiyi ritmdə hərəkət etməsinə izin verirəm.
İçimdəki insani təbiətimi saf-təmiz saxlamaq üçün,
Daxilimdəki insanlığımı dirçəlməyə çağırıram.

Bir addım
Bir varlıq
Bir nəfəs
İNSANLIQ NAMİNƏ!

Bir ruh
Bir həyat
Bir səs
İÇİMDƏKİ SÜLH NAMİNƏ!

Bir gülüş
Bir göz yaşı
Şahidimiz torpaq olsun
İNSANLAR ARASINDA SÜLH NAMİNƏ!

Bir baxış
Bir niyyət
Bir çağırış
DÜNYADA YARANACAQ HÜZUR NAMİNƏ!”

Nigar Sultanova: – İlk başlanğıcda məqsədim insanları sülhə çağırmaq, bu niyyətlə onları bərabər ortamda bir araya gətirmək deyildi. Sadəcə, niyyətim müasir dövrdə öz psixoloji saglamlığımı və insani keyfiyyətlərimi qorumaq idi. O zaman “bunu necə edə bilərəm?” sualı ortaya çıxdı. Sonucda “özümün şəxsi təcrübəmdən o qənaətə gəldim ki, “mənim sizlərə ehtiyacım var, biz bir-birimizin gözlərinə baxıb, ürəyimizi bir-birimizə açdıqca möcüzələr baş verir. O zaman daxilimizə bir sükut çökür, həyəcan içində olan zehnimiz susub, sadəcə,  hərəkətlərimizi və hərəkətsizliyimizi izləyir. Bu vaxt biz şüurumuzun bədənimiz və ruhumuzla vəhdət şəkildə  yaşadığımıza şahid oluruq. Sadəcə, içimizdə özümüz özümüzlə hüzura, sülhə qovuşub, bu sülhü paylaşmağa hazır oluruq.

Amma qeyri-səmimi sülhün paylaşımı qısa müddətli və təsir gücünə görə zəif olur. Həyatda dəhşətli faciələri yaşamış adam üçün daxilində hüzur tapıb, mərhəmətli olmasını gözləmək, içindəki öldürücü savaşa son qoymaq heç də asan deyil, amma yenə də öz daxili istəyi, eləcə də özünün özünə göstərdiyi səy etməsilə mümkündür. Məhz bununla onun daxili əzabları azalar, sülh yaranar. Bu halda, insanlar bir-birinə raketlər yox, çiçəklər göndərəcək. Həmin, o günü görəcəyikmi? İndi deyə bilmirəm. Bunu yalnız diləməklə deyil, cəhd edərəkdən görə bilərik.

“İNFONEWS”: – Sizcə, insanlar tənhadır? 

Nigar Sultanova: – Biz heç vaxt yalnız olmamışıq və olmayacayıq da… Bizim təbii halımız bir-birimizlə, yaradılış mənbəsi və qüvvəsi ilə bağlı olmaqdan ibarətdir.
Elə əsas niyyətim də insanlara öz daxili resurs vəziyyətini araşdırmaq, təhlil etmək və aktivləşdirməkdir ki, bununla da özlərini, ətraf aləmi və insanlarla təması dərindən dərk etməyə həvəsləndirmək və imkanlar yaratmaqdır. Bütün bunlar bir daha özünüzə qayğı göstərməyə, emosional, mental və fiziki sağlamlığınızı inkişaf etdirməyə köməklik edəcəkdir.

“İNFONEWS”: – Nigar xanım, şirkətiniz haqqında məlumat verərdiniz.

Nigar Sultanova: – “DanceAbility Azərbaycan” İnklüziv Performans Şirkəti 2017-ci ildə Bakıda təsis edilib. Şirkətin hədəfi ustad dərslər, təlim proqramları, əlilliyi olan və olmayan insanların tamaşaları vasitəsilə inklüziv cəmiyyətin inkişafına töhfə verməkdən ibarətdir.

Qeyd edim ki, 1987-ci ildən bəri DanceAbility® metodu hərəkət improvizasiyasını öyrədir. DanceAbility® metodu iştirakçılar arasında dərin mənalı ünsiyyətin olmasını asanlaşdırır və bu, əlilliyi olan və olmayan insanlar arasında maneələrin aradan qaldırılmasına gətirib çıxarır. DanceAbility® metodikası təhlükəsiz və qərəzsiz mühit yaradaraq, insanlara vücud vasitəsilə öz emosiyalarını ifadə etmək, həmçinin empatik ünsiyyət və  münasibət qurmağa imkan verən universal dili öyrədir. İnklüziv rəqs müxtəlif kateqoriyalardan olan insanlara birgə yaşaya bilmələri üçün köməklik edir. Biz yaradıcılığın xüsusi bacarıqlara yox, bərabərlik prinsipinə inanırıq. 30 ildən artıqdır ki, “DanceAbility Beynəlxalq” və 2017-ci ildən isə “DanceAbility Azərbaycan” təşkilatları yüz minlərlə insanın həyatına müsbət təsir göstərərək, müxtəliflik və inklüzivlik meyarlarını yüksək qiymətləndirən bir dünyanın qurulmasına öz töhfəsini verməkdə davam edir.

İnklüziv məşğələlərdə hamı iştirak edə bilər. Məşğələlərimiz ödənişsizdir.

Maraqlananlar (+994) 51 415 16 85 mobil telefonla əlaqə saxlaya və ya “[email protected]” mail ünvanına yaza bilərlər.

“İNFONEWS” komandası olaraq, Nigar Sultanovaya gördüyü həm yaradıcı, həm də cəmiyyət üçün əhəmiyyətli işlərində uğurlar arzu edirik.

Foto: Adil Yusifov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir