İtaliyada pandemiya məhdudiyyətləri yumşaldılır
“İNFONEWS” xəbər verir.
İtaliyada COVID-19 infeksiyası ilə bağlı məhdudiyyətlərin yumşaldılması barədə qərar qəbul edilib.
Bu barədə İtaliyanın Baş naziri Mario Draqi deyib.
O bildirib ki, İtaliyada koronavirus epidemiyası ilə bağlı xüsusi karantin rejimi martın 31-də başa çatacaq. Aprelin 1-dən etibarən Nazirlər Şurası tərəfindən pandemiya ilə bağlı müəyyən qaydalar mərhələli şəkildə ləğv olunacaq. Belə ki, aprel ayından etibarən dövlət idarələrində, banklarda, poçt şöbələrində, ictimai nəqliyyat vasitələrində vaksin sertifikatı tələb olunmayacaq. İctimai nəqliyyatda və qapalı yerlərdə maskalardan istifadə tələbi isə davam edəcək. Stadionlar tam tamaşaçı tutumu ilə fəaliyyət göstərəcək.
M.Draqi deyib: “Martın 31-də COVID-19 epidemiyası ilə əlaqədar xüsusi karantin rejimi başa çatacaq. Hökumətin məqsədi normal vəziyyətə qayıtmaq, cəmiyyətdə aktivliyin bərpasını təmin etməkdir. Nazirlər Şurası demək olar ki, bütün məhdudiyyətlərin ləğvini nəzərdə tutan qaydaları hazırlayıb”.
Epidemiya ilə mübarizədə vaksinasiya kampaniyasının əhəmiyyətini qeyd edən Baş nazir bildirib ki, təkcə peyvənd sayəsində 2021-ci ildə 80 minədək ölümün qarşısı alınıb.
İtaliyanın səhiyyə naziri Roberto Speranza isə deyib ki, qəbul olunan yeni qaydalar çərçivəsində yaşı 50-dən yuxarı olan şəxslərin iş yerinə daxil olması üçün peyvənd tələbi ləğv olunur. Peyvənd olunmadığına görə heç kim işdən çıxarılmayacaq.
“Gimbe” fondunun məlumatına görə, İtaliyada son 7 gündə koronavirusa yoluxma halları 36 faiz artıb. Son 24 saat ərzində virusa 79 min 895 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər koronavirusun qurbanı olub.
İtaliyada pandemiya dövründə virusa 13 milyon 645 min 834 yoluxma faktı qeydə alınıb, 157 min 442 nəfər ölüb.