Müdafiə naziri xüsusi təyinatlı təhsil müəssisələrində olub – VİDEO
Müdafiə Nazirliyindən “İNFONEWS”-a verilən məlumata görə, Martın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin əsaslı təmir olunan əsgər yeməkxanasına baxış keçirib.
Məruzə olunub ki, iki mərtəbəli geniş yeməkxana binası yüksək keyfiyyətli qida məhsullarının hazırlanması üçün müasir tipli avadanlıqlarla təchiz olunub. Burada mətbəx və təsərrüfat otaqları, eləcə də ərzaq və əşya anbarları vardır. Yeməkxana kompleksində çörək istehsalı sahəsi də fəaliyyət göstərir.
Daha sonra general-polkovnik Z.Həsənov Silahlı Qüvvələrin Hərbi Akademiyasının tədris korpusuna baxış keçirib, əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Qeyd olunub ki, tədris korpusunda hərbi elm və təhsil sisteminin daha yüksək səviyyədə təşkili üçün hər cür şərait mövcuddur.
Xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərləri, professor və müəllim heyəti qarşısında çıxış edən general-polkovnik Z.Həsənov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən aparılan struktur islahatları çərçivəsində Milli Müdafiə Universitetinin yaradılması ilə Türkiyə Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda tətbiqi, o cümlədən hərbi elm və təhsil sahəsinin inkişafı uğurla davam etdirilir.
Müasir dövrdə elmi əsaslarla yanaşmanın vacibliyini qeyd edən nazir elm və təhsilin vəhdət şəkildə tətbiqinin ordu quruculuğunda mühüm rol oynadığını, eləcə də aparılan elmi tədqiqat işlərinin praktiki olaraq həyata keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.
Sonda müdafiə naziri general-polkovnik Z.Həsənov hərbi elm və təhsil sisteminin daha yüksək səviyyədə təşkili ilə bağlı müvafiq tapşırıqlar verib, xüsusi təyinatlı təhsil müəssisələrinin heyətini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.