Bu gün Ukrayna və Rusiya arasında növbəti danışıqlar keçiriləcək
Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Rusiya nümayəndə heyəti ilə danışıqların bazar ertəsi davam etdiriləcəyini təsdiqləyib.
Bu barədə “INFONEWS” Ukraynanın “Strana” nəşrinə istinadən xəbər verir.
“Bəli, əlbəttə, sabah (bu gün-red) səhər. Növbəti tur. Bundan əvvəl işçi alt qruplarda son dərəcə intensiv iş gedirdi”, – Podolyak “Strana” nəşrinə deyib.
Xatırladaq Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda milyonlarla mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.
Rusiya və Ukrayna arasında dialoqun birinci raundu fevralın 28-də Belarusun Qomel vilayətində keçirilib, nümayəndə heyətlərinin görüşü beş saat davam edib. Bundan sonra tərəflər martın 3-də Belovejskdə, martın 7-də isə Brest vilayətində görüşüblər. Martın 10-da Türkiyənin Antalya şəhərində keçirilən diplomatik forum çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba arasında məsləhətləşmələr keçirilib.
Hazırda danışıqlar aparan şəxslər videobağlantı vasitəsilə əlaqə saxlamağa davam edirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Əzizə Əlizadə