Bakının bir neçə məşhur tikililəri qırmızı rənglə işıqlandırılacaq

Bakının bir neçə məşhur tikililəri qırmızı rənglə işıqlandırılacaq

Martın 24-də saat 19:00-dan 22:00-dək Bakının bir neçə məşhur tikililəri, o cümlədən Bakının ən möhtəşəm və sirli tarixi-memarlıq abidəsi olan Qız Qalası qırmızı rənglə işıqlandırılacaq.

INFONEWS-un məlumatına görə, məqsəd diqqəti vərəmlə mübarizəyə yönəltməkdir. Hər il Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar dünyanın ayrı-ayrı şəhərlərində yerləşən tarixi memarlıq tikililərinin, əhəmiyyətli binaların “qırmızı rəngə” boyanması aksiyası keçirilir. Bununla da, vərəmdən əziyyət çəkən insanların ağrı və çətinliklərinə diqqət çəkiləcək və onlarla həmrəylik nümayiş olunacaqdır.

Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-ü Ümumdünya Vərəmlə Mübarizə Günü kimi qeyd edilir. 1882-ci ildə alman mikrobioloqu Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb.

1982-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı vərəmin törədicisi olan Kox çöplərinin aşkar edilməsinin 100 illiyi münasibətilə həmin günü təsis ediblər. Vərəm hava-damcı yolu ilə yayılan xəstəlikdir. Hər il dünyada 10 milyondan çox insan vərəmə yoluxur və 1.5 milyon insan vərəmdən dünyasını dəyişir. Dünyada hər 1 dəqiqədə 3 insan vərəm səbəbiylə həyatını itirir. ÜST dünya dövlətlərini investisiyanı artırmaqla vərəmə son qoymağa çağırır.

Əliyeva Əzizə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir