“Minasız dünya üçün bir mina- bir həyat” hərakatının onlayn görüşü keçirilib – FOTOLAR
“İNFONEWS” Ednews-a istinadən xəbər verir ki, xəbər verir ki, onlayn iclas BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 66-cı sessiyası çərçivəsində keçirilib. Polşa Şahzadəsi, Sülh səfiri xanım Angelika Yaroslavskanın təşəbbüsü ilə başladılan bu hərəkat dünyada minaların məhv edilərək yeni bir dövrə – minasız həyata keçidin başlanğıcıdır. Görüşdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev də iştirak edib.
Polşa şahzadəsinin tərəfdaşlarının iştirakı ilə baş tutan tədbirdə dünyada mina təhlükəsizliyi istiqamətində görülən işlərlə bağlı müzakirələr aparılıb.
Tədbirdə açılış nitqi ilə çıxış edən Polşa şahzadəsi ilk öncə Ukraynada baş verən hadisələrin üzüntüsünü dilə gətirib. Daha sonra o, mina problemi ilə bağlı bəzi statistik məlumatları iştirakçıların diqqətinə çatdıraraq hazırda 60 fərqli ölkədə 60 milyona yaxın minanın öz qurbanını gözlədiyini qeyd edib. Xanım Yaroslavskaya həmçinin çıxışında bu bəşəri bəlaya qalib gəlmək üçün belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən də danışıb.
Görüşün davamında müxtəlif ölkələrdən olan həmkarların çıxışları dinlənilib.
Daha sonra tədbirdə çıxış edən “Minalıqdan Üzümlüyə” (Mines to Vines) ideyasının müəllifi, “Roots of Peace” ( Sülhün Kökləri) təşkilatının qurucusu və rəhbəri Heidi Kuhn mart ayının əvvəlində Azərbaycana səfəri zamanı yaşadığı təəssüratlarını iclas iştirakçıları ilə bölüşüb. Qarabağda tarixi, zəngin üzüm bağlarının dağıdılaraq minalarla çirkləndirilməsinin məyusluğunu dilə gətirən Heidi Kuhn həmin ərazilərin yenidən çiçəklənməsi üçün dünyanın birləşib, sülh üçün müştərək addım atmalı olduğunun vacibliyini vurğulayıb. O, dostu Umud Mirzəyevin dəvəti və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyi ilə Azərbaycana səfəri zamanı Qarabağda 8 ədəd tank əleyhinə minanın zərərsizləşdirməsinin və simvolik olaraq bu prosesdə istifadə olunan dinamitin ixtiraçısı Nobelin ev muzeyində təşkil olunan ziyafət şam yeməyinin də onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Heidi Kuhn həmkarlarını 30 mart – 1 aprel tarixlərində Azərbaycanın paytaxtı Bakıda keçiriləcək, özünün də virtual qoşulacağı və əsas spikerlərindən biri olacaq “Humanitar Mina aksiyası və DİM-lər” beynəlxalq konfransını izləməyə dəvət edib.
Sonda şahzadə Angelika Yaroslavska bir daha Əbu-Dabidə olarkən Heidi Kuhnlə birlikdə açıqladıqları Azərbaycanın mina probleminin həlli istiqamətində edəcəkləri əməkdaşlıq barədə məlumat verib. O, bu çətin işdə Azərbaycandan olan həmkarı Umud Mirzəyevə hər zaman dəstək olacaqlarını bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır