İNFONEWS “Trend”-in məlumatına istinadən xəbər verir.
44 günlük Vətən müharibəsindən sonra Bakıda keçirilən qələbə paradı Azərbaycan dövlətinin qüdrətini, rəşadətli ordumuzun gücünü, son nəticədə dünya siyasətində uca yerlərdən birini tutan diplomat lider və yenilməz sərkərdə olan müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin müdrikliyini və sarsılmaz qətiyyətini bir daha dünyaya göstərdi.
Bunu Azərbaycanın Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev deyib. O bildirib ki, qazandığımız uğurlara və ölkədə görülən misilsiz işlərə, eləcə də möhtəşəm qələbəyə görə cənab Prezidentə ünvanlanan minnətdarlıq məktublarının ardı-arasının kəsilməməsi, bu gün dövlətimizin həyata keçirdiyi siyasətin qədirbilən xalq tərəfindən dəyərləndirilməsinin və dəstəklənilməsinin təcəssümüdür: “Hələ 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda uzaqgörən lider İlham Əliyev demişdir: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Bəli, gözlənilən o möhtəşəm gün gəldi. Dekabrın 10-da paytaxtımızın ən böyük meydanı olan “Azadlıq meydanı”nda Vətən müharibəsindəki qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Paradın keçirildiyi gün təsadüfi seçilməmiş, düşmənin cəfəng “müstəqillik” tarixinin yaddaşlardan silinməsinə hesablanmışdır. Bu münasibətlə keçirilən möhtəşəm parad böyük zəhmətin, eləcə də uzun illər ərzində görülmüş nəhəng işlərin bəhrəsi idi. Azərbaycan xalqı tarixi ədalətin bərpa edilməsini bayram edərək müstəqillik illərində əldə etdiyi ən böyük zəfərini beynəlxalq ictimaiyyətə rəsmən elan etdi. 3000 nəfərdən artıq şəxsi heyətin qatıldığı, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayiş olunduğu Zəfər paradında Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun məğlub etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin də göstərilməsi, hər birimizə sözlə ifadə oluna bilməyən fəxarət dolu anlar yaşatdı”.
Respublika hərbi prokuroru bildirib ki, bundan öncə də həmin meydanda bir neçə parad keçirilib: “Bu paradın əvvəlki paradlardan fərqi ondan ibarət idi ki, həmin gün meydandan düşmən ordusunu darmadağın etməklə ərazi bütövlüyümüzü təmin etmiş Müzəffər Ordu keçirdi. Hər birimizi hədsiz qürurlandıran və hələ də təəssüratlarının təsiri altında olduğumuz bu parad müstəqil Azərbaycanın ilk Zəfər paradı idi.
Eyni zamanda, Türkiyə-Azərbaycan əbədi qardaşlığının növbəti təzahürü olan bu hərbi parad həm də Azərbaycanı sevməyən ermənipərəst dövlətlər üçün böyük əhəmiyyətli siyasi bir eyham oldu. Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da geniş məzmunlu, qardaşlıq, birlik bağlarımıza əsaslanan nitqində vurğuladı ki, Türkiyə olaraq Azərbaycanla münasibətlərimizdə hər zaman ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün əziz ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Qarabağın 30 il işğalda qalmasını qəlbimizdə yara bildik. Bu gün də Qarabağın azad edilməsini birlikdə qeyd edirik”.