Bu gün Aİ ölkələrinin liderləri Ukraynadakı müharibəni müzakirə edəcəklər
Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları bu gün Brüsseldə planlaşdırılan ikigünlük sammitə toplaşacaqlar, onun gündəliyi ilkin olaraq Aİ və Avrozonanın cari problemlərindən ibarət idi. Lakin liderlərin görüşü bütünlüklə Ukraynadakı vəziyyətə və Rusiyanın bu ölkədəki hərbi əməliyyatına həsr olunacaq. Üstəlik, sammit iştirakçıları Rusiyanın qaz tədarükü üçün ödənişlərin rubla çevrilməsi məsələsinə də toxuna bilərlər.
Bu barədə “İNFONEWS” xarici mətbuata istinadən xəbər verir.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ABŞ lideri Cozef Bayden və Ukrayna Prezidenti Volodimir Zelenskini sammitə dəvət edib. Ukrayna lideri videobağlantı vasitəsilə Aİ liderlərinə müraciət edəcək.
“Mən Prezident Zelenskini Avropa Şurasının üzvləri qarşısında çıxış etməyə dəvət etdim. Aİ Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir”, – Mişel bildirib.
Aİ-nin yüksək səviyyəli nümayəndəsinin jurnalistlərə verdiyi məlumata görə, Ukraynadakı vəziyyət liderlərin diqqət mərkəzində olacaq. “Əlbəttə, Ukraynadakı vəziyyət sammitin əsas mövzusudur”, – o vurğulayıb.
Sammit iştirakçıları xüsusilə Ukraynaya yardım, Rusiyaya qarşı hazırkı sanksiyaların icrası və rəsmi Moskvaya qarşı mümkün yeni tədbirləri, həmçinin enerji məsələlərini müzakirə edəcəklər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır