“ÖZÜNDƏN SORUŞDUQ” -da “Duyğular rənglərə süzüləndə”

“ÖZÜNDƏN SORUŞDUQ” -da “Duyğular rənglərə süzüləndə”

“İNFONEWS” -un “ÖZÜNDƏN SORUŞDUQ” rubrikasının qonağı Əli İsmayıldır.

“Bu il “Şuşa ili”dir. “Şuşa ili” ilə bağlı kompozisiya düşünsəm də, hələ həyata keçirə bilməmişəm. Amma düşünürəm ki, tezliklə Şuşaya həsr edəcəyim yeni əsərim olacaq”

Bu fikirlər Azərbaycan Rəssamlar İttifaqının üzvü, müxtəlif illərdə fərdi yaradıcılıq sərgilərinin müəllifi, respublika və beynəlxalq rəsm sərgilərində yüksək səviyyədə təmsil olunan, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn məktəbinin baş müəllimi, tanınmış rəngkar, rəssam Əli İsmayıla – Əli İsmayıl oğlu Əliyevə aiddir.

“Yaradıcılığım milli – etnoqrafik məişət janrındadır. Mənzərə, xovsuz xalça və digər milli atributlar vasitəsi ilə qədim türk mədəniyyətini ifadə edən damğa və elementləri bu günümüz, real coğrafi relyef və ərazimiz fonunda təsvir edərək, konkret ifadə vasitəsi olan kompozisiyaları təqdim edirəm. Əsasən rəngkarlıq- kətan, yağlı boya janrında işləyirəm. Eyni zamanda qrafika, kitab illüstrasiyaları və geniş dizayn fəaliyyəti ilə məşğulam” – deyə, Əli müəllim əlavə etdi.

Əli İsmayılın kövrək, ağır, həm də maraqlı işlərindən biri də Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan, yarpaqlarında faciə qurbanlarının adları həkk olunan “Xocalıya ədalət!” aksiyası çərçivəsində hazırlanmış “Xatirə ağacı”dır. Bu barədə müəllifdən soruşduqda, “Qarabağ”, müharibə, qaçqınlıq, erməni işğalının yaratdığı faciələr və s. mövzuların onun yaradıcılığından ana xətt kimi keçməsini, rəngkarlıq əsərlərində öz ifadəsini tapdığını söylədi.

“İNFONEWS” komandası olaraq, Əli İsmayılı Novruz bayramı münasibəti ilə təbrik edir, can sağlığı, yaradıcılıq uğurları arzulayırıq. Düşünürük ki, tanınmış sənətkarla bu söhbətimizin mütləq davamı olmalıdır.

Əli müəllimin “Novruz -2022” əsərlərindən bəzilərini təqdim edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir