Çin və Rusiya xarici işlər nazirlərinin görüşü olub
“İNFONEWS” xəbər verir.
Martın 30-da Çinin xarici işlər naziri Van İnin rusiyalı həmkarı Sergey Lavrov ilə görüşü olub.
Çinin Anhuy vilayətinin Tunsi şəhərində Əfqanıstana qonşu ölkələrin xarici siyasət idarələrinin rəhbər şəxslərinin toplantısı çərçivəsində təşkil olunan görüşdə çinli nazir ilin başlanğıcından bəri dəyişən beynəlxalq mühitdə iki ölkə arasında münasibətlərin yeni sınaqdan keçdiyini, düzgün istiqaməti və davamlı inkişaf tendensiyasını saxladığını qeyd edib. O, Çin və Rusiyanın ikitərəfli münasibətləri inkişaf etdirmək cəhdlərinin daha da artdığını, müxtəlif sahələrdə əməkdaşlığın inkişafına əminliyin möhkəmləndiyini deyib.
Van İ Çin-Rusiya münasibətlərini yeni dövrdə daha yüksək səviyyəyə qaldırmaq istiqamətində rusiyalı həmkarı ilə işləməyə hazır olduğunu deyib.
Görüşdə Ukrayna məsələsinə və bu mövzuda aparılan danışıqlar prosesinə də toxunulub.
Xatırladaq ki, Çinin xarici işlər nazirinin sədrliyi ilə keçiriləcək Əfqanıstana qonşu ölkələrin nazirlərinin görüşündə Pakistan, İran, Tacikistan, Türkmənistan, Özbəkistan və Rusiyanın xarici işlər nazirləri və ya onların təmsilçiləri iştirak edirlər.
Çin Xarici İşlər Nazirliyi Əfqanıstan məsələsində qonşu dövlətlər arasında konsensusa nail olmağa dəstək məqsədi daşıyan görüşdə iştirakçıların Əfqanıstanda sabitliyi təşviq etməyin və əfqan xalqını dəstəkləməyin yollarını müzakirə edəcəyini açıqlayıb.
Nazirlərin görüşündə başqa Əfqanıstan məsələsinə dair Çin, ABŞ və Rusiya məsləhətləşmələr mexanizmi üzrə genişlənmiş formatda görüş də təşkil olunacaq. Görüşdə Çin, ABŞ, Rusiya ilə yanaşı Pakistanın da Əfqansıstan məsələsi üzrə xüsusi nümayəndəsi iştirak edəcək.
(AZƏRTAC)