Azərbaycan “Dubay Ekspo 2020”nin ən baxımlı pavilyonları sırasında yer alıb
“İNFONEWS” xəbər verir.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində “Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq” (Connecting Minds, Creating the Future) mövzusunda keçirilən “Ekspo 2020” dünya sərgisi başa çatıb.
2000-ci ildən Ekspo sərgilərində uğurla iştirak edərək müxtəlif mükafatlara layiq görülən Azərbaycan pavilyonu “Dubay Ekspo 2020”nin də ən çox ziyarət edilən və sevilən pavilyonlarından oldu. Dünya ekspolarının 30 ilə yaxın müddətdə qiymətləndirməsini aparan məşhur “EXHIBITOR” jurnalının ənənəvi təşkil etdiyi müsabiqədə Azərbaycan pavilyonu “Ekspo 2020”nin “Ən yaxşı orta ölçülü pavilyon” və “Mövzunu ən yaxşı çatdıran pavilyon” nominasiyalarında mükafatlara layiq görülüb. Bundan əlavə, mili pavilyonumuz ənənəvi olaraq hər Eksponun sonunda ziyarətçilərin və ekspo könüllülərinin ümumi səsverməsi ilə “Ən gözəl və baxımlı” pavilyonlar sırasında yer alıb.
192 ölkənin iştirak etdiyi və 438 hektar ərazi ilə bu günə qədər ən böyük dünya sərgisi olan “Dubay Ekspo 2020”yə 6 ayda 23 milyondan çox ziyarətçi gəlib. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonumuzda isə bu müddət ərzində 2,5 milyon ziyarətçi olub. Hər bir ziyarətçi ölkəmiz barədə-onun tarixi, müasir həyatı, turizm imkanları, işğaldan azad olunan ərazilərimizdə həyatın canlanması barədə geniş məlumat alıb, pavilyonumuzdan Azərbaycanın ən yaxın dostu olaraq müsbət təəssüratlarla ayrılıb.
Ekspo sərgiləri həm də yeni əməkdaşlıqların qurulması baxımından əhəmiyyət daşıyır. Bu mənada “Dubay Ekspo 2020” sərgisi ölkələr arasında yeni əlaqələrin yaradılması istiqamətində geniş platforma oldu, ölkəmizin tarixi, müasir həyatı, müxtəlif sahələr üzrə nailiyyətləri təqdim edildi. Sərgi müddətində Azərbaycan pavilyonunda dövlət və özəl qurumların müxtəlif təqdimatları təşkil olundu, konfranslar, forumlar, konsert və mədəni proqramlar keçirildi. Milli pavilyonumuz həm də müxtəlif ölkələrin rəsmi nümayəndə heyətlərinin, dövlət və hökumət başçılarının ziyarət etdiyi, mətbuat və sosial media platforma istifadəçilərinin ən çox işıqlandırdığı məkan oldu. Milli pavilyonumuzda 6 ay ərzində fəaliyyət göstərən komandanın peşəkarlığı yüksək qiymətləndirilib və xüsusi mükafatla təltif edilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan “Dubay Ekspo 2020” sərgisində milli pavilyonun tikintisinə başlayan ilk ölkələrdən olub. Birinci vitse-prezident Mehriban Əliyevanın daimi diqqət və nəzarəti ilə ərsəyə gələn milli pavilyonda Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti və digər sahələri xüsusi dizayn və konsepsiya üzrə təqdim edilib.
“Dubay Ekspo 2020”dəki pavilyonlar innovasiyalar, texnoloji nailiyyətlərin yaratdığı üstünlüklərin nümayişi üzərində qurulsa da, Azərbaycan pavilyonu öz tematik konsepsiyası ilə insan amilinin bütün bunların fövqündə olduğunu, yalnız insan kapitalının inkişafı ilə dayanıqlı gələcəyə nail olmağın mümkünlüyünü nümayiş etdirdi.
“Ekspo 2020”də milli pavilyonun yaradılması və ölkəmizin təmsilçiliyi ilə son dövrlərin ən uğurlu layihələrindən birini həyata keçirən Azərbaycan hazırda 2025-ci ildə Osakada təşkil ediləcək növbəti dünya sərgisinə hazırlaşır.