Kinder yumurtalarında bakteriya tapılıb?

Kinder yumurtalarında bakteriya tapılıb?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kinder məhsullarında, o cümlədən yumurtalarında salmonella olması ilə bağlı xəbərlərə münasibət bildirib.

Agentlikdən verilən açıqlamada deyilir ki, “Azərbaycana idxal olunan bütün növ qida məhsulları, o cümlədən “Ferrero” şirkətinə məxsus məhsullar idxal olunduğu ölkədən asılı olmayaraq, risk əsaslı nəzarət tətbiq edilməklə müayinələrə cəlb olunur. Ölkəmizə müxtəlif ölkələrdən “Ferrero” şirkətinə məxsus məhsullar idxal edilib və Agentlik tərəfindən digər göstəricilərlə yanaşı, salmonellaya görə müayinələrə cəlb edilib və salmonella törədicisi aşkarlanmayıb. Bu il Agentliyə uşaqlar arasında salmonella mənşəli qida zəhərlənməsi ilə bağlı bildiriş daxil olmayıb. Hazırda araşdırmalar davam etdirilir və araşdırmaların nəticələri əsasında ictimaiyyətə əlavə məlumat veriləcək”.

Məlumat üçün bildirək ki, İngiltərənin Qida Standartları və İrlandiyanın Qida Təhlükəsizliyi agentliklərinin yaydıqları rəsmi məlumatlara əsasən, İtaliyanın “Ferrero” şirkəti Belçikada yerləşən müəssisəsində istehsal olunan, son istifadə müddəti məhsulun çeşidinə uyğun olaraq 20 aprel-21 avqust, habelə 11 iyul-7 oktyabr 2022-ci il tarixləri olan aşağıdakı cədvəldə qeyd edilən məhsullarında salmonella olması ehtimalını nəzərə alaraq, həmin məhsul partiyalarının əsas satış ölkələri olan İngiltərə, İrlandiya, Almaniya, İsveç, Fransadan geri çağırılmasına dair qərar qəbul edib.

Məhsul Qablaşdırmanın ölçüsü İstifadə müddəti
Kinder Mini Eggs 75 qr son istifadə müddəti 20 aprel 2022-ci il – 21 avqust 2022-ci il tarixlərində bitən
Kinder Egg Hunt Kit 150 qr son istifadə müddəti 20 aprel 2022-ci il – 21 avqust 2022-ci il tarixlərində bitən
Kinder Surprise 100 qr son istifadə müddəti 20 aprel 2022-ci il – 21 avqust 2022-ci il tarixlərində bitən
Kinder Schokobons 200 qr son istifadə müddəti 20 aprel 2022-ci il – 21 avqust 2022-ci il tarixlərində bitən
Kinder Surprise 20 qr son istifadə müddəti 11 iyul 2022-ci il – 7 oktyabr 2022-ci il tarixlərində bitən
Kinder Surprise 20 qr *3 son istifadə müddəti 11 iyul 2022-ci il və 7 oktyabr 2022-ci il tarixlərində bitən

Şirkətin rəsmi açıqlamasında sınaq yoxlamaları zamanı həmin məhsullarda salmonella aşkarlanmadığı bildirilsə də, ehtiyat tədbiri olaraq araşdırmalar bitənədək bu qənaətə gəlindiyi vurğulanır. Eyni zamanda İngiltərə və İrlandiyada uşaqlar arasında salmonella mənşəli zəhərlənmələrə rast gəlindiyi əsas götürülərək qeyd edilən məhsul partiyalarında salmonella ilə bağlı xüsusi araşdırmalara başlanılıb.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir