“ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!” esse müsabiqəsi – Fidan Əmirzadə

“ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!” esse müsabiqəsi – Fidan Əmirzadə

 

“İNFONEWS” -da “ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!” esse müsabiqəsi davam edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin Tələbə Elmi Klubunun təşəbbüsü və təşkilatçılığı və “İNFONEWS” İnformasiya Agentliyinin media dəstəyi ilə “Aprel döyüşləri – bizi Zəfərə aparan  yolun ilk addımı, Azərbaycanın Milli Qəhrəmanlıq Tarixinin ən əsas səhifəsidir” mövzusuna həsr edilən “ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!”  esse müsabiqəsi davam edir.

Layihə rəhbəri ÜFTTD- nin Tələbə Elmi Klununun sədri “Humanitar fənlər” kafedrasının baş müəllimi tar.ü.f.d. Cəmilə Həsənova UNEC Dizayn Məktəbinin Dizayn ixtisası, I kurs, 740 qrup tələbəsi Fidan Fikrət qızı Əmirzadənin essesini təqdim edir.

*******

Bəşər tarixində hər bir dövlət, hər bir millət öz igidləri, şəxsiyyətləri ilə tarixin səhifələrində özünəməxsus iz buraxmışlar. Tarixin hər hansı bir zaman kəsiyində müəyyən bir millətin başını göylərə ucaldan və ya onun şərəfini qoruyan insanlar-həmin millətin tarixini yaradanlardır.

İnsan öz ömrünü adi bir həyat tərzi kimi də yaşaya bilər, heç bir iz qoymadan dünyadan gedər. Amma elə insanlar da var ki, qısa bir ömür yaşayır, lakin unudulmaz əməlləri ilə əbədiyyətə qovuşur. Özündən sonrakı nəsillərə örnək olur, vətəni, torpağı, milləti bütün insanlara sevdirməyi öyrədir. Bir anın içərisində ən böyük qəhrəmana çevrilir, insanlığa örnək olur. Yaşadığı torpağa, ailəyə, el-obaya şərəf gətirir, adı gələndə hamı baş əyir. Mübariz İbrahimov, Polad Həşimov, İlqar Mirzəyev, Anar Novruzov, Namiq Əhmədov, Rəşad Mahmudov, Yaşar Babayev, İlqar Zeynalllı, Vüqar Sadıqov, Elşad Məmmədov, Elçin Mustafazadə, Xəyyam Daşdəmirov və Nazim İsmayılov… məhz bir anda vətənin azadlığı uğrunda mübarizədə xalqının, millətinin dilləri əzbəri oldular. Şəhidlik zirvəsinə ucalmaqla ölümsüzləşdilər.

Şəhidlik elə bir mötəbər zirvədir ki, hər kəs o zirvədə olmaq istəsə də, yalnız seçilmiş bəndələrə o məqam qismət olur. Xalqımız Vətən torpaqlarının azadlığı uğrunda canını qurban vermiş hər bir şəhidimizin xatirəsini daim uca tutur. Bu günə qədər Vətən müdafiəçisi qardaşlarımız bu torpağın hər qarışını göz bəbəyi kimi qoruyub, onun uğrunda canını da qurban etməkdən qorxmayıb. Vətən uğrunda mübarizə aparmış belə öyünüləsi, fəxr ediləsi qəhrəmanlarımız minlərlədir. Hər birinin döyüş yolu bir əfsanə, bir dastan, bir tarix… Bu igidlər qısa bir ömür yaşadılar, əsl vətən oğlunun şətin məqamlarda edə biləcəyi son borcu şərəflə yerinə yetirdilər. Onlar şəhid oldular-gözlərini qırpmadan, dizləri titrəmədən, əlləri əsmədən, ürəyində qorxu xofu yaranmadan. Onlar bilirdilər ki, arxada Vətən-Azərbaycan yaşayır. Şəhid qanları ilə suvarılan vətənin hər qarışı müqəddəsdir.

Minlərlə şəhid vermiş yurdumuzun tarixi də şəhidlərimizin qanıyla yazılıb. Özündən sonra şərəfli adını tarixə həkk edən hər bir oğlumuz qəhrəmanlıq ənənələrimizi qorumaqla öz ata-babalarının tarixi qəhrəmanlıq yolunu getmişdir. O tarixi yol ki, uzun və keşməkeşlidir… Azərbaycan əsgəri istər Horadiz əməliyyatında, istərsə də Aprel döyüşlərində düşmənə layiqli cavab verdi. Ədaləti bərqərar edən son döyüşü Qələbə ilə taclandıran Azərbaycan Ordusu tarixin səhifələrini yenilədi.  44 günlük Vətən müharibəsi zamanı ömrünün çiçəklənən dövründə ən yüksək məqama – şəhidlik zirvəsinə yüksələn oğullarımız haqqında nə qədər danışsaq azdır. Çünki bu gün hər birimiz firavan həyat sürürüksə, bu, şəhidlərimizin, qəhrəman oğullarımızın sayəsindədir. Onların hər birinin adı daim qəlbimizdə yaşayacaq.

Şəhidlər ölməz, Vətən bölünməz!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir