Təmizlik Maska Məsafə və SAĞLAM QİDA

İNFONEWS ölkədəki mövcud COVİD-19 pandemiyası dövründə düzgün, sağlam qidalanmağın əhəmiyyəti haqqında qida üzrə ekspert ilə söhbət etdi. Həmsöhbətimiz Elsevər Fərzəliyevdir. 

İNFONEWS: Elsevər müəllim, pandemiya və qidalanma – bu iki anlayışa bir daha aydınlıq gətirərdiniz.

Elsevər Fərzəliyev: – Məlumdur ki, “PANDEMİYA” bəsit tərzdə desək çox sayda insanın tutulduğu beynəlxalq sərhədləri aşan epidemiyadır. Yəni bu, yoluxma nəticəsində günbəgün əhatə dairəsini artıra bilən bir xəstəlikdir. Onu da qeyd edim ki, bu xəstəlik COVİD-19 virusunun arzuedilməz bir nəticəsidir.

Əgər bu xəstəlik, virusun insan orqanizminə düşməsi nəticəsində yaranırsa, deməli o, orqanizmə qalib gəlmək üçün onunla mübarizə aparmaq məcburiyyətindədir. Bu mübarizədə isə qalib olan – güclü tərəf sayılır. Deməli, güclü orqanizm, yəni immuniteti yüksək olan orqanizm nəinki COVİD 19-a, eləcə də bütün xəstəliklərə qalib gələ bilər. Bəs İMMUN qabiliyyətini necə formalaşdırmaq və yüksəlmək olar? – Əlbətdə ki, bu işin öhdəsindən gələn amil – normal, vaxtlı-vaxtında, vacib qida komponentləri ilə zəngin olan təbii məhsullarla qidalanmadır.

Belə bir xalq deyimi də diqqətinizə yetirmək istərdim: Adətən həkimlər insanları, onlar xəstələndikdən sonra müalicə edir, lakin qida məhsulları – insanları xəstəliklərdən qoruyur. Bunun üçün isə, sadəcə olaraq nə zaman, nə ilə, nə qədər və hansı formada qidalanmalı olduğumuzu bilmək lazımdır.

İNFONEWS:Hansı qida vasitələri ilə qidalanma, pandemiya ilə mübarizədə insanlara kömək ola bilər?

Elsevər Fərzəliyev: – Əlbətdə, bu, hazırda çoxlu sayda insanları maraqlandıran bir sualdır. Konkret olaraq deyə bilərəm ki, bütün xəstəliklərdən yan keçmək üçün qüvvətli qida məhsulları ilə qidalanmaq məsləhətdir. Qüvvətli qidalar dedikdə, tərkibində kifayət qədər müxtəlif vitamin qrupları (indiki vəziyyətdə C vitamini), üzvi turşular, aminturşuları və qida lifləri olan qida məhsulları başa düşülür. Bu zaman hər bir insanın günlük qida rasionunu ən vacib qida inqrediyentləri ilə balanslaşdırılmış olmalıdır.

İNFONEWS:Pandemiya dövründə müxtəlif qida məhsullarının saxlanmasını necə həyata keçirmək lazımdır?

Elsevər Fərzəliyev: – Ümumiyyətlə, əksər qida məhsullarını saxlamaq üçün Beynəlxalq aləmdə 0 – +5 0C temperatur həddi nəzərdə tutulmuşdur ki, məhz buna görə də hər gün hər birimizin bir çox ehtiyacını təmin edən məişət soyuducularında bu temperatur göstəricisi tənzimlənmişdir. Daha yüksək temperatur hədlərində (18 0C-də çox) saxlanan qida məhsulları, tərkibini qısa zaman həddində itirir. Məsələn, meyvə, tərəvəz və göyərtilərin təzə-tər halda istifadəsi, orqanizmin müxtəlif vitamin komplekslərinə olan tələbatını təmin edir, saxlandıqda isə bu komplekslər parçalanmaya məruz qalır və məhsulun bioloji dəyəri ilə yanaşı, həm də qidalıq dəyəri azalır. Belə qidalar COVİDə qarşı mübarizədə iştirak edə bilmir.

İNFONEWS:Pandemiya zamanı daha çox hansı məhsullarla qidalanmaq lazımdır ki, orqanizmin İMMUN qabiliyyətini qoruyub saxlamaq mümkün olsun?

Elsevər Fərzəliyev: – Hər şeydən öncə, qeyd edim ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST/VOZ) qida rasionunda daha çox meyvə, giləmeyvə və tərəvəz məhsullarından istifadəyə üstünlük verilməsini tövsiyə edir. Bu, eyni zamanda “Codex Alimentarius” Komissiyasının müvafiq sənədlərində, eləcə də “Qidalanma Piramidasının” tələblərində öz əksini tapır. Meyvə-giləmeyvə və tərəvəz xammalları insanın İMMUN qabiliyyətinin yüksəldilməsinə xidmət göstərən çoxsaylı qida maddələri ilə kifayət qədər zəngindir. Onu da qeyd etmək istərdim ki, təbiətdə yabanı halda yetişən qida xammalları mədəni halda becərilən növlərlə müqayisədə daha müsbət təsir göstərmə qabiliyyətləri ilə üstünlük təşkil edir.

İNFONEWS:Pandemiyadan qorunmaq üçün daha nəyi tövsiyə edərdiniz?

Elsevər Fərzəliyev: – ÜST-nın pandemiyadan qorunmaq üçün tövsiyələri çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələblərə riayət etməyi İlkin Vacib Şərt kimi məsləhət görürəm. Belə ki, sosial məsafənin qorunması, şəxsi gigiyenik qaydalara riayət edilməsi və maskadan istifadə olunması, COVİD 19-un yayılmasının qarşısını almaq üçün ən vacib tədbirlərdəndir. Çünki, maska geyinməklə hər bir insan öncə özünü, sonra ailəsini və yaxın ətrafını, daha sonra yaşadığı regionu və nəhayət, cəmiyyəti bu sərhədsiz koronovirusdan qoruya bilər. Qida xammalları və hazır məhsullardan yoluxma ehtimalını da sıfıra bərabər saymıram. Çünki, hava-damcı yolu ilə sözün əsl mənasında “hərəkət” edə bilən virusla sirayətlənmiş hər hansı bir qida məhsulu təmas, onun yayılmasını şərtləndirə bilən amillərdən biri kimi dəyərləndirilməlidir. Çünki, COVİD 19 virusu, bir çox digər mikroorqanizm növlərində olmayan “hüceyrə enerjisindən bəhrələnmək” xüsusiyyətinə də malikdir. Əlbətdə, bu haqda bir neçə gün öncə AZTV kanalında mənim də ekspert qismində iştirakımla Nailə xanımın aparıcılığı ilə yayımlanan “Çıxışa doğru” verilişində də müzakirə aparılmışdır.

İNFONEWS: – Elsevər müəllim, bu qədər dəyərli məlumatlara görə İNFONEWS komandası və izləyiciləri adından Sizə təşəkkür edirik.

Elsevər Fərzəliyev: – çox sağ olun, bütün xalqımıza və İNFONEWS izləyicilərinə sağlam, “koronasız” həyat tərzi arzulayıram.

 

İNFONEWS-un suallarını Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Elsevər Fərzəliyev cavablandırdı.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir