Kilsədə bir gün-FOTOREPORTAJ
İNFONEWS təqdim edir:
Kilsə – şəhərdə yanından dəfələrlə ötüb keçsəm də içinə girməyə ürək eləməmişəm. Amma burdakı ab-hava, görüntü mənə həmişə maraqlı olub.
Bakının gözəlliyinə gözəllik qatan bu möhtəşəm memarlıq abidələri, ibadət evləri haqqında araşdıranda isə aydın oldu ki, kilsələrin tarixi gözəl binalarından daha maraqlı, daha zəngindir.
Məbəd 1909-cu ildə 206-cı piyada Səlyan alayının kilsəsi kimi inşa edilmişdir. İlkin olaraq ona Arxangel Mixail adı verilmişdir.
Sövet dövründə kilsə ilk bağlanan kilsələrdən biri olmuşdur – 1920-ci ildə. Bina qeyri-təyinatı üzrə istifadə olunurdu. 1991-ci ildə kilsənin yarıdağılmış binası Rus Pravoslav Kilsəsinə verilmişdir.
Kilsədə bərpa işlərini həyata keçirmək imkanı Bakıda arxiyerey kafedrası təsis olunduğu vaxtdan yarandı. Bakı və Xəzəryanı yepiskop Aleksandrın (İşein, 1952-2021) hamiliyi və qayğısı ilə təmir-bərpa işləri aparılmış və kilsə müqəddəsləşdirmə mərasiminə hazır olmuşdur. Həmin vaxt Bakıda artıq Arxangel Mixail adına fəaliyyət göstərən kilsə olduğuna görə bərpa olunmuş kilsəyə Mirra daşıyan müqəddəs qadınların adını vermək qərarına gəlinmişdir. Azərbaycana baş keşiş kimi ilk səfəri zamanı Moskva və bütün Rusiyanın patriarxı II Aleksiy 2001-ci il may ayının 27-də kilsənin müqəddəsləşdirilməsi ayinini keçirmiş və ona yeparxiyanın kafedral kilsəsi adını vermişdir.
Kafedral kilsə ikinci həyatını Azərbaycanlı xeyriyyəçi və sahibkar Aydın Səməd oğlu Qurbanovun (1953-2003) diqqəti və dəstəyi sayəsində qazanmışdır. Bu qeyri-adi insanın vəsaiti hesabına kafedral kilsədə kompleks təmir-bərpa işləri aparılmışdır: daşdan oyma ikonostas inşa edilmiş, divarlar naxışlarla bəzədilmiş, zəruri kilsə inventarı alınmışdır.
Təmir-bərpa işlərindən sonra 24 mart 2003-cü ildə yenilənmiş məbədin açılışı baş tutmuşdur. Təntənəli tədbirdə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev, Qafaz müsəlmanları idarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və digər yüksək rütbəli qonaqlar iştirak etmişdir.
2003-cü ilin aprel ayında kafedral kilsəni Müqəddəs Patriarx Konstantinopolskiy I Varfolomey ziyarət etmiş, özünün səmavi hamisi apostol Varfolomeyin cəsədinin bir hissəciyini Azərbaycanın pravoslav xristianlarına hədiyyə etmişdir.
2005-ci ilin iyun ayında kilsəni Gürcüstanın müqəddəs Patriarx-Katolikosu II İliya ziyarət etmişdir.
2005-ci ilin sentybar ayında kafedral kilsəni yenidən Moskva və bütün Rusiyanın patriarxı I Aleksiy ziyarət etmişdir. Rus Pravoslav Kilsəsinin Baş keşişi kafedral kilsənin yanındakı bulaqüstü kiçik kilsəni müqəddəsləşdirmişdir.
2009 və 2010-cu illərdə Moskva və bütün Rusiyanın müqəddəs patriarxı Kiril kafedral kilsəni ziyarət etmiş və orada ibadət etmişdir.
2019-2020-ci illərdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə kilsədə bərpa işləri aparılmış və prixod evi inşa edilmişdir. 14 noyabr 2019-cu il tarixdə Moskva və bütün Rusiyanın müqəddəs patriarxı Kiril kilsəni ziyarət etmiş və kilsənin kiçik müqəddəsləşdirməsi mərasimini keçirmişdir.
Kilsədə apostol Varfolomeyin cəsədinin hissəciyi ilə mücrü və Tixvinli Müqəddəs Məryəmin qədimi ecazkar ikonası var.
Fotolar: Fariz Faiqoğlu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır