“Səhnədən səngərə: Qazilər” layihəsi çərçivəsində görüş olub
“İNFONEWS” xəbər verir.
Aprelin 20-də Beynəlxalq Muğam Mərkəzində mədəniyyət naziri Anar Kərimov Qarabağ müharibəsi qaziləri ilə görüşüb.
Görüş nazirliyin “Səhnədən səngərə: Qazilər” layihəsi çərçivəsində keçirilib.
Görüşdə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən danışan nazir şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. “Bu qəhrəmanlığı, yumruq kimi birləşməni mütləq əbədiləşdirməliyik. Həmçinin bunun gələcək nəsillərə ötürülməsi çox vacibdir. Biz öz köklərimizə bağlı xalqıq. Qələbəmizə səbəblərdən biri də bizim köklərimizə sadiqliyimizdir”,- deyə nazir vurğulayıb.
Nazir bildirib ki, mədəniyyət sahəsindən olan qazilər Vətən müharibəsi dövründə iki cəbhədə vuruşublar: “Onlar həm düşmənə qarşı döyüşlərdə, həm də mədəniyyət cəbhəsində qəhrəmandırlar. Biz və cəmiyyət bu qəhrəmanları, onların göstərdikləri şücaəti unutmamalıyıq. Hər zaman qazilərimizin yanındayıq, onlara dəstəyik. Çünki onlar iki cəbhədə də öz borcunu yerinə yetiriblər”.
Daha sonra A.Kərimov qaziləri fəxri fərmanla təltif edib.
Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, Vətən müharibəsində mədəniyyət sahəsində çalışan 8 nəfər şəhid olub, 12 nəfər yaralanıb.