Erməni cinayətlərinin mühakiməsinə dair e-kitab dərc olunub
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Avropaya İnteqrasiya Mərkəzinin həyata keçirdiyi erməni cinayətlərinin beynəlxalq və milli mühakiməsi ilə bağlı elektron maarifləndirmə və təbliğat işlərinin aparılmasına dair layihənin icrası başa çatıb.
Avropaya İnteqrasiya Mərkəzinin mətbuat xidmətindən “İNFONEWS” -a bildiriblər ki, layihə çərçivəsində “Erməni cinayətləri beynəlxalq və milli məhkəmələr kontekstində (2020-ci il müharibəsindən sonrakı mühakimə məsələləri) adlı elektron kitab dərc edilib.
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidovun müəllifi olduğu elektron kitabda erməni cinayətlərinin beynəlxalq və milli məhkəmələrdə mühakimə imkanları, habelə Ermənistanın Azərbaycana qarşı silahlı təcavüz, soyqırımı, müharibə və insanlıq əleyhinə cinayətləri ilə mübarizə, hüquqi məsuliyyət məsələləri nəzəri və normativ aspektdən təhlil edilərək araşdırılıb. Həmçinin vəsaitdə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın diskriminasiya və etnik təmizləmə siyasəti ilə bağlı hüquqazidd hərəkətləri, ad hoc və hibrid məhkəmə təcrübəsinin erməni cinayətlərinin mühakiməsi üzrə tətbiqi və digər beynəlxalq və milli məhkəmə instansiyalarında mühakimə məsələləri də əksini tapıb.
Erməni cinayətlərinin beynəlxalq və milli mühakimə məsələləri ilə bağlı elektron maarifləndirməyə xidmət edən və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitabın elektron versiyasını http://aggression.az saytının “E-kitablar” bölməsindən əldə etmək olar.