Dünya Azərbaycanlılarının V Qurultayına yeni KİTAB TƏHFƏSİ

Dünya Azərbaycanlılarının V Qurultayına yeni KİTAB TƏHFƏSİ

“İNFONEWS” xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunda “Azərbaycan mühacirəti tarixində Şuşanın görkəmli şəxsiyyətləri” kitabı çap olunub.

Bu barədə Elm Tarixi İnstitutundan məlumat verilib.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanan kitabın məsləhətçisi sözügedən komitənin sədri Fuad Muradov, layihə rəhbəri və “Ön söz”ün müəllifi tarix elmləri doktoru, professor Məryəm Seyidbəylidir.

Monoqrafiya Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayında təqdim ediləcək. Kitab 1752-1920 və 1920-1991-ci illərə qədər olan dövrlərdə Şuşada anadan olan, təhsil alan və fərqli səbəblərdən mühacirət edən görkəmli şəxslər haqqında ətraflı məlumatı özündə əks etdirir. Hər iki dövrün özünəməxsus xarakterik xüsusiyyətləri kitabda əksini tapıb. Birinci dövr Qarabağ ərazisində müstəqil idarəetmə üsulunun-xanlıq sisteminin yaradılmasından Azərbaycan Xalq Cümhuriyyətinin süqutunadək, ikinci dövr isə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan Sovetlər İttifaqının dağılmasına qədər olan dövrdə xarici ölkələrə mühacirət edən Şuşanın görkəmli şəxsiyyətləri haqqında bioqrafik məlumatları əhatə edir.

Kitab nadir mənbələr, əlyazmalar və arxiv sənədləri əsasında tərtib olunub və Azərbaycan tarixinə, mədəniyyətinə böyük töhfədir. Təqdim edilən kitabda Şuşa şəhərinin elmi-yaradıcılıq tarixi və burada dünyaya göz açan görkəmli tarixi şəxsiyyətlərin həyat və fəaliyyətləri, yaradıcılığı sistemli şəklidə tədqiq olunub. Azərbaycan və ingilis dillərində tərtib olunan kitab Azərbaycanın, xüsusilə Qarabağın, onun incisi Şuşa şəhərinin tarixi haqqında məlumatların əldə olunmasında mənbə rolunu oynaya bilər. Vəsaitdə yer alan tarixi məlumatlar Azərbaycan tarixşünaslığında bu səpkidə sistemli şəkildə ilk dəfə təqdim edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir