UNEC SABAH-ın möhtəşəm “Vyana balı” yenidən BƏRPA EDİLİB
“İki illik fasilədən sonra növbəti “Vyana balı”nı möhtəşəm konsert proqramı ilə bərpa etdik. Böyük məmnuniyyətlə qeyd edim ki, Azərbaycan təhsil məkanında bir ilk olan “Vyana balı” bu dəfə də əsrarənqiz özəlliyi ilə hamını heyran qoydu.”
Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH Mərkəzinin rəhbəri, dosent Aida Quliyeva “İNFONEWS”-a müsahibəsində deyib.
Aprel ayının 23-də UNEC SABAH-ın təşkilatçılığı ilə “Marriott Boulvard” Hotel-də növbəti “VII Vyana balı” keçirilib.
Mövcud pandemiya dönəmi səbəbindən dayandırılmış “Vyana balı” yenidən böyük coşğu, izdiham ilə gündəmi zəbt edib. Qeyd edək ki, artıq ənənəyə çevrilmiş UNEC SABAH-ın “Vyana balı” tələbələrdə mədəni dünyagörüşünün inkişafı, onların musiqi duyumunun və rəqs zövqünün formalaşması və multikultural dəyərlərin təşviq olunması istiqamətində təşkil edilən ən maraqlı və sevilən tədbirlərdəndir.
Bu, “VII Vyana balı”nda tələbələr bal rəqsləri, eləcə də klassik, milli, müasir rəqslərin peşəkar səviyyədə ifası ilə yanaşı, bir-birindən gözəl, fərqli çıxışlar nümayiş etdiriblər.
“VII Vyana balı”nda Təhsil Nazirliyinin SABAH İcra Komitəsinin rəhbərliyi və UNEC-in İnzibati və təşkilati məsələlər üzrə prorektoru dos. Şaiq Əsgərov, eləcə də Mərkəzin akademik heyəti iştirak edib.