İNFONEWS AZƏRTAC -a istinadən xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən “Peyk texnologiyaları həftəsi”ndə deyib:
“TürkSAT 5A” ilə şərq orbitindəki kosmik haqlarımızı 30 il müddətinə zəmanət altına alırıq. Peykin dizaynında, istehsalında və istifadəyə verilməsində əməyi olan hər kəsi təbrik edirəm. Türkiyənin 1994-cü ildə başlayan kosmosa peyk göndərilmə müddətinə bu il ərzində göndəriləcək “TürkSAT 5B” ilə yeni mərhələyə keçməyi planlaşdırırıq. “IMC” adlı nəzarət peykimizi də kosmosa göndərəcəyik. Ölkəmizdə mikro peyk təsisi quraşdırılır”.
Texnologiya sahəsində inkişafın, eyni zamanda, cəmiyyətlərin və dövlətlərin işində köklü dəyişikliklərə səbəb olduğunu, elmi-fantastik filmlərdəki bir çox texnoloji alətlərin artıq gündəlik həyatın bir hissəsi halına gəldiyini deyən Türkiyə Prezidenti əvvəllər kosmos yerdən izlənirdisə, indi dünyanın kosmosdan izləndiyini bildirib.
Tədbirdən əvvəl jurnalistlərin suallarını cavablandıran Rəcəb Tayyib Ərdoğan COVID-19 peyvəndi üçün Türkiyənin üç mənbəyinin olduğunu bildirib:
“Bunlar Çin, Almaniya və yerli istehsal peyvəndlərdir. Hazırda Çindən ilk partiya olaraq üç milyon doza peyvənd gətirilib. Bu rəqəm 50 milyona qədər çatacaq. Bir o qədər doza peyvənd Almaniyadan gətiriləcək”.
Hazırda Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən peyvəndlərlə bağlı müəyyən bir cədvəl çərçivəsində işlərin aparıldığını deyən prezident burada əsas məsələnin əhalinin sağlamlığı olduğunu vurğulayıb.
Bildirib ki, Türkiyə səhiyyə baxımından hər bir imkana malikdir, lakin buna baxmayaraq, həkimlər arasında da virusa yoluxma səbəbindən dünyasını dəyişənlər var.