Şuşaya tur təşkil edənlər NİYƏ ÖZ CİBLƏRİNİ GÜDÜR? – SORĞU
“İNFONEWS” xəbər verir.
Hər kəsin işğaldan azad olunmuş rayonlarımıza gedib, oranı görməsi üçün dövlət tərəfindən rəsmi olaraq turlar təşkil edilib. Həmin biletləri demək olar ki, hər kəs müəyyən zaman çərçivəsində əldə edə bilər. Lakin son zamanlar bəzi saxtakarlar bu haldan sui-istifadə edərək öz başına fantastik rəqəmlərlə bilet satışı ilə məşğul olurlar. Bununla yanaşı vətəndaşlarımız da həmin insanlara inanıb öz pullarını bir növ çölə atmış olurlar. Bəs bu proses necə olmalıdır? Bu insanların qarşısını almaq üçün nə kimi tədbirlər görülür? Bütün bu suallara cavab tapmaq məqsədi ilə ekspertlərdən və Dövlət Nəqliyyat Xidmətindən məlumat aldıq.
Millət vəkili Razi Nurullayev: “Hər zaman ürəyimi ağrıdan məsələ budur ki, ən xoş və ülvi hisslər və düşüncələr üzərində qurulan bir prosesi belə rüşvət üzərinə çevirməyi bacarırlar. Qarabağa turların və avtobusların təşkil olunmasında əsas məqsəd işğaldan azad edilən torpaqlarımızı görmək mahiyyəti daşıyır. Bununla əlaqədar olaraq biletlər satılır və hər kəs bu biletləri əldə etmək hüququna malikdir. Lakin belə bir fakt meydana gəlib ki, bir çox dələduz hər hansısa bir yolla biletləri alıb baha qiymətə insanlara satırlar. Bu nəinki yolverilməz bir haldır, eyni zamanda da şəhid olan insanlarımıza qarşı edilən hörmətsizlikdir. Nəyə görə şəhid ailəsi və ya qazilərimiz ümumilikdə o torpaqlara qəlbi ilə bağlı olan insanlar 45-50 manata bilet alıb həmin torpaqlara səfər etməlidirlər. Bu ən böyük cinayətdir. Mən hesab edirəm ki, bu cinayəti edənlərin çox ciddi şəkildə izinə düşüb, onlarla bağlı tədbirlər görülməlidir”.
İqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov: “Bir müddət öncə işğaldan azad olunmuş ərazilərimizə qeyri-qanuni bilet satışı ilə məşğul olanların aşkar edilməsi və onların cinayət məsuliyyətinə cəlb edilməsi barədə məlumatlar yayıldı. Təbii ki, bütövlükdə turlar rəsmi olaraq dövlət tərəfindən təşkil olunur. Nəzərə almaq lazımdır ki, burada sadəcə biletlərin satışı məsələsi deyil, eyni zamanda həmin turlarda iştirak etmək istəyən vətəndaşlarımızın təhlükəsizliyi məsələsi də çox önəmlidir. Çünki həmin ərazilərimizdə kifayət qədər çoxlu sayda mina var. Bu da təbii ki, birmənalı şəkildə səfərlərdəki təhlükəsizlik məsələsini daha da prioritetləşdirir. Bu konteksdən turlar rəsmi olaraq təşkil olunduğu üçün də təbii ki, vətəndaşlaırmızında məhz rəsmi satış məntəqələrindən biletlər alması və turda iştirak etməsi vacibdir. Təbii ki, minaların sayı azaldıqca ümumilikdə turların sayı artacaq. Həmçinin məskunlaşma prosesinə uyğun olaraq intensiv işlər görülür ki, burada əsas məqsəd insanların öz ata-baba yurdlarına qayıdışını tez bir zamanda təmin etməkdir”.
Dövlət Avtomobil Nəqliyyat Xidməti: “Sosial şəbəkələrdə bəzi turizm şirkətlərinin Bakı – Şuşa istiqamətində turlar təşkil etməsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti araşdırma aparıb. Məlum olub ki, aprelin 26-da Şuşa və Ağdam istiqamətində müntəzəm avtobus reyslərinə may ayı üzrə biletlər satışa çıxarılandan sonra bir neçə şəxs Əhmədbəyli – Şuşa – Əhmədbəyli reysinə müxtəlif şəxslərin adına müxtəlif tarixlərə, lakin qrup şəklində biletlər alıb. Araşdırma nəticəsində həmin istifadəçilərin kimliyi müəyyən edilib və onlar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə dəvət olunublar. Həmin şəxslər etiraf ediblər ki, sosial şəbəkələrdə Şuşaya turların təşkil edilməsi ilə bağlı elanlar yerləşdirərək, əvvəlcədən vətəndaşlardan şəxsiyyət vəsiqələrinin surətlərini alıblar. Biletlər satışa çıxarılandan sonra möhtəkirlər şəxsiyyət vəsiqələrinin surətlərini onlara təqdim edən bir neçə nəfərin adına www.yolumuzqarabaga.az saytı üzərindən Əhmədbəyli – Şuşa – Əhmədbəyli reysinə birbaşa vətəndaşların adına biletlər alıblar. Bakıdan Əhmədbəyli istiqamətinə xüsusi avtobus reysi təşkil edərək bilet aldıqları vətəndaşları həmin ərazidə Əhmədbəyli – Şuşa – Əhmədbəyli müntəzəm marşrutu üzrə hərəkət edən avtobusa transfer edirlər. Onlara belə fəaliyyəti birmənalı dayandırmaları haqqında ciddi xəbərdarlıq edilib. Artıq həmin elanlar şirkətlərin sosial şəbəkə hesablarından silinib.
Məlumat üçün bildiririk ki, biletləri kimlərinsə alması və daha sonra digər şəxslərə satması və ya ötürməsi mümkün deyil. Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil. Onu da qeyd edək ki, bilet sistemi müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilib və sərnişinlərə biletlə birlikdə işğaldan azad olunmuş ərazilərə giriş icazəsi də verilir. Bu icazə yalnız bilet almış şəxs üçün keçərlidir və ötürülməsi mümkün deyil.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti vətəndaşlara tövsiyə edir ki, belə elanları ciddi qəbul etməsinlər, öz sənədlərini elanlarda gördükləri əlaqə vasitələrinə göndərməsinlər və biletlərin alınmasını heç kimə əlavə vəsait ödəmədən özləri həyata keçirsinlər. Vətəndaşlar qanunsuz bilet satışı halları ilə rastlaşarlarsa, bu barədə [email protected] elektron poçt ünvanı, https://www.facebook.com/AzDANX rəsmi “Facebook” ünvanı və (+99412) 566 52 58 telefon nömrəsi vasitəsilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, may ayından etibarən Bakı – Şuşa – Bakı istiqamətində həftədə 3 dəfə deyil, 4 dəfə – cümə axşamı, cümə, şənbə və bazar günləri reyslər həyata keçirilir.
Əhmədbəyli – Şuşa – Əhmədbəyli istiqamətində isə həftənin 3 günü – bazar ertəsi, çərşənbə axşamı, çərşənbə günləri səfər etmək mümkündür.
Beləliklə, həftənin bütün günləri Şuşa istiqamətində reyslər həyata keçirilir.
Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və məlumat bazasının formalaşdırılması, eləcə də şəffaflığın və rahatlığın təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet satışı yalnız www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir”.