“Sabah”ın baş məşqçisi: “Daha çoxuna ümid edirdik” – FUTBOL
“İNFONEWS” xəbər verir.
Çoxlu emosiyalar var. Hər şeyə obyektiv qiymət verməyə çalışacağam.
Bunu “Sabah”ın baş məşqçisi Murad Musayev evdə “Sumqayıt”la 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXVII tur matçından sonra mətbuat konfransında deyib.
“Avrokuboklara çıxmaq məsələsinə görə nəticə baxımından müəyyən təzyiq var idi. Buraxdığımız səhvlər bununla bağlı idi. Komandaya irad bildirə bilmərəm. Doqquz nəfərlə qaldığımız anda belə, hücum edib hesabı bərabərləşdirə bildik. Daha çoxuna ümid edirdik. Bu gün həddindən artıq lazımsız səhvlərə yol verdik. Kimisə günahlandırmaq çətindir”, – deyə rusiyalı mütəxəssis qeyd edib.
O, hava şəraitindən və oyunun saat 17:00-a salınmasından da gileylənərək deyib: “Bakıda oyunların günorta saatlarına təyin olunmasını başa düşə bilmirəm. Daha əlverişli hava şəraitinin olduğu saatlarda oynamağımıza nə mane olur ki? Havaya görə qalib gələ bilmədiyimizi demirəm. Amin Seydiyevin qovulduğu epizodda qırmızı vərəqənin olmadığını düşünürəm. Çünki rəqib künc nöqtəsinə tərəf qaçırdı və digər oyunçumuz da Amini sığortalayırdı. Lakin istənilən halda səliqəli və ehtiyatlı oynamalı idi. Qapımıza qol vurulsaydı belə, qırmızı vərəqə almaqdan qaçmalı idi”.
Murad Musayev məğlubiyyəti təkcə psixoloji gərginliklə əlaqələndirməyib. “Taktiki səhvlərimiz də oldu. Amma futbolçular hər şeyin son turda həll olunmasını çox istəyirdilər. Bugünkü oyundan qorxmurdular. Fikrimcə, bir az məsuliyyət çatmadı. Halbuki bundan qaçmaq olardı. Futbolçuların çoxu paltardəyişmə otağında ağlayırdı. Heç kimi günahlandırmaq lazım deyil. Onlar qazanmaq istəyirdilər”, – deyə 39 yaşlı baş məşqçi diqqətə çatdırıb.
“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa: “İki gün öncə “Qarabağ”la matçda ağır məğlubiyyət almışdıq. Həmin oyunu nəzərə alsaq, komandam bu gün ən xoş sözlərə layiqdir. Görüşün sonları o qədər yaxşı olmadı. Üç xala layiq idik. Amma yekun belə alındı. Paltardəyişmə otağında futbolçulara da dedim. Rəqib kifayət qədər ciddi komandadır. Avrokuboklar və yuxarı yerlər uğrunda mübarizə aparırdı. Xırda problemlərə baxmayaraq, komandam ən yaxşı sözlərə layiqdir. Turnir cədvəlindəki vəziyyətimiz bəllidir. Mövqeyimizə baxsaq, nəyin yaxşı, nəyin pis olması barədə danışmaq yersiz olar”.
Qırx bir yaşlı baş məşqçinin sözlərinə görə, hazırda transferlər haqqında danışmaq lazım deyil: “Amma təlim-məşq toplanışı və heyətin gücləndirilməsi ilə bağlı müəyyən planlar var. Ümumi durumu analiz etməli, ortaq məxrəcə gəlməliyik. Müsbət dinamika var. “Şamaxı” ilə matçdan sonra bu gün də üç xal qazana bilərdik. Bunlar analiz üçün yaxşı məqamlardır”.
Aleksey Baqa cari mövsümün sonunda “Sumqayıt”dan ayrılmaq istədiyi ilə bağlı xəbərlərə də aydınlıq gətirərək deyib: “Azərbaycanca başa düşmədiyim üçün haqqımda yazılan xəbəri tərcümə etdilər. Bir məqamı eşidəndə gülümsədim. Orada maraqlı bir yer var idi. Otuz səkkiz yaşlı mütəxəssis yazmışdılar. Halbuki mənim 41 yaşım var. Üç yaş cavanlaşdırmışdılar. Bu faktı görəndən sonra informasiyanın necə yazıldığını başa düşdüm və həmin cümlədən sonra oxumağı dayandırdım”.