Bakıda 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilib-FOTOLAR

Bakıda 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilib-FOTOLAR

İNFONEWS xəbər verir ki, Mayın 18-də Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2022) və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (Inter Food Azerbaijan) sərgiləri işə başlayıb.

Bu il “Caspian Agro” sərgisi “ağıllı kənd”, süni intellekt, IT xidmətləri, pilotsuz uçuş aparatları (dronlar) kimi bölmələri əhatə edən “Smart Agro” istiqamətini təqdim edir. Sərgi çərçivəsində “Smart Agro: Kənd təsərrüfatında innovasiyaların təbliği” mövzusunda konfrans keçirilib. Sərgidə “Smart Agro” çərçivəsində artıq icrasına başlanan və eləcə də işğaldan azad edilmiş Qarabağda həyata keçirilməsi planlaşdırılan layihələr təqdim olunub.

Qeyd edək ki, hər il təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər. Bu tədbir çərçivəsində fermerlər ən son sənaye yenilikləri ilə tanış ola bilirlər. Bu il 40-a yaxın rayondan fermerlər üçün turlar təşkil olunub.

15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2022” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2022” sərgilərində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim edirlər.

“Caspian Agro 2022” və “InterFood Azerbaijan 2022” sərgiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi və iştirakı ilə keçirilir. Sərgilər Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir.

Sərgilər mayın 20-də başa çatıb.

Fariz Faiqoğlu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir