Xalq rəssamı Əşrəf Heybətovun sərgisi keçirilib – FOTOLAR
Azərbaycanın xalq rəssamı, YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, “Sülh səfiri” beynəlxalq diplomunun sahibi, “Dünya xalqları incəsənəti” Beynəlxalq Assosiasiyasının mükafatı laureatı, “Azərbaycan-Almaniya” Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü, Almaniya Rəssamlar İttifaqının üzvü Əşrəf Heybətovun “Bizim dünya” adlı açıq sərgisi keçirilib.
İNFONEWS xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Fuad Məmmədov bildirib ki, Əşrəf Heybətovun əsərləri bir çox dövlətlərin, eləcə də BMT, UNESCO, NATO kimi beynəlxalq təşkilatların tanınmış sərgi zallarında nümayiş edilir.
“Əşrəf Heybətov öz sənəti və həyat fəlsəfəsi ilə Azərbaycan mədəniyyətini dünyada tanıdır. Əsərlərinin əsas predmeti insanlar və təbiətdir. Yaradıcılığında mənəvi dəyərlərə və intelllektual mədəniyyətə aid yüksək ideyalar öz əksini tapıb”.
Tanınmış sənətşünas Ziyadxan Əliyev isə Əşrəf Heybətovla bağlı gənclik xatirələrini bölüşüb. O, Xalq rəssamının əsərlərində milliliyin daha çox önə çəkildiyini və bunun üçün xüsusi istedad tələb olunduğunu vurğulayıb. Əşrəf Heybətovun Azərbaycanın dünyadakı mədəniyyət səfirinə çevrildiyini deyib.
Tanınmış yazıçı Lalə Ümid Əşrəf Heybətovun yaradıcılığında Qarabağa aid elementlərin olduğunu xatırladaraq, Xalq rəssamına daha böyük ilham və gözəl əsərlər yaratmasını arzulayıb.
Sərginin fəxri qonağı, Milli Qəhrəman şəhid general-mayor Polad Həşimovun bacısı Kəmalə Həşimova Əşrəf Heybətovun yaradıcılığı ilə canlı tanış olmağın ayrı bir zövq verdiyini qeyd edib.
“Əşrəf Heybətovun əsərlərində Azərbaycan milli miniatür sənətinin nümunələrini, rənglərin canlılığı ilə milli dəyərləri əks etdirməsi o qədər gözəl duyğular yaradır ki, insanı qədim Bakıya, Azərbaycanın bölgələrinə götürür”.