Tahir Əmiraslanov: “30 ildə yaratdığımız imici dağıdan…”
“Bizə qarşı atılan addımların bu nəticəyə gətirəcəyini biz artıq 4 ildir ki, yazıb Sizə bildirirdik”
Bunu Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov öz sosial şəbəkə hesabında yazıb. “İNFONEWS” komandası olaraq, illərlə Tahir müəllimin ictimaiyyətin nəzərinə çatdırmaq istədiyi, lakin hələ də öz həllini tapmadığı bu məsələyə biğanə qala bilmədik. Statusu olduğu kimi sizə təqdim edirik.
“30 may 2022-ci il tarixdə, yəni bu gün WACS-n növbəti Dünya Kulinariya Konqresi öz işinə başladı. Nizamnaməyə görə, dünyanın ən böyük peşəkar QHT-si olan WACS-da bir ölkədən yalnız bir QHT üzv iştirak edə bilər. Və Azərbaycan Milli Kulinariya Assosiyasiyası WACS-da ölkımizi şərəflə təmsil edir.
Konqreslə eyni zamanda Beynəlxalq Münsiflər kursları keçirilir. Münsifliyə hazır olan, bütün kriteriyalara cavab verən, illərlə yetişdirdiyimiz 20 nəfər gənc usta – mütəxəssislərin siyahısını təəfimizdən Dövlət Turizm Agentliyinə göndərilmişdir. Və böyük ruh yüksəkliyi ilə cavab verilmişdi. Həmçinin, 4 ildir ki, Azərbaycana WACS kateqoriyalı bir neçə gənc münsif lazım olduğunu təkidlə bildirirdilər. Sevinclə martın əvvəlindən heç olmazsa 5-10 nəfər gəncin bu kurslara göndəriləcəyini gözləyirdik. Lakin təəssüf hissi ilə qeyd edək ki, Abu-Dabiyə bizim təqdim etdiyimiz gənclərdən heç biri də göndərilməmışdir. Əvəzində Agentliyimizin işçisinin rəhbərliyi ilə bir dəstə göndərilmişdir.
Qeyd edək ki, həmin dəstə illərlə bizimlə döyüşən, şəxsən mənim və Azərbaycan Milli Kulinariya Assosiyasiyasının ünvanına WACS-a donos, şər, böhtan yazmaqla 110 ölkə, 12 milyon üzvü olan bir təşkilatda 30 ildə yaratdığımız imici dağıdan və bununla mənfur qonşulara yol açan Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiyasının rəhbəri və üzvlərindən ibarətdir.
Və konqresdə tarixdə ilk dəfə olaraq mənfur qonşularımızın nümayəndə heyətinin iştirak edəcəyini gördük.
Bir sözlə, 2011-ci ildə Cənab Prezidentimizin MEA-dakı çıxışında Milli Mətbəximizin mənfur qonşular tərəfindən özlərininki kimi təqdim edildiyi, milli dəyərlərimizi qorumalıyıq tapşırığının yerinə yetirilməsi bundan sonra, çox təəssüf ki, daha da çətin olacaqdır.
Həm də bura göndərilənlərin içərisində mətbəx mədəniyyətimizi qorumaq istəyənlər və bunu bacara bilənlər də, demək olar ki, yoxdur.
Bizə qarşı atılan addımların bu nəticəyə gətirəcəyini biz artıq 4 ildir ki, yazıb Sizə bildirirdik”.