Baba Vəziroğlunun “Qalanı xatirədir” kitabı Osloda oxuculara təqdim edilib
Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Evi və Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbayan dili məktəbinin təşkilatçılığı ilə əməkdar incəsənət xadimi, dəyərli şairimiz Baba Vəziroğlu ilə Norveçin paytaxtı Oslo şəhərində 28 May Respublika Günü münasibəti ilə bir neçə görüş keçirilib.
“İNFONEWS” xəbər verir ki, B.Vəziroğlu ilə ilk görüş Oslonun mərkəzi kitabxanası “Deichman Bjørvika”da baş tutub və “Qalanı xatirədir…” adlı şeir kitabının təqdimatı olub. Sözügedən görüşdə həmvətənlilərimizlə yanaşı norveçlilər və əcnəbilər də iştirak ediblər. Görüşdə əslən norveçli Torill Stokland tərəfindən Norveç dilinə tərcümə olunmuş “Qalanı xatirədir…” adlı şeir səsləndirilib. Torill xanım B.Vəziroğlu poeziyasının sadə, rəngarəng, anlaşıqlı və axıcı olduğunu bildirib:
“Sizin müəllifi olduğunuz “Qalanı xatirədir…” adlı şeiri tərcümə etməkdən məmnun oldum və zövq aldım. Şeirin dili sadə, duyğulu və mənalı idi. Bu baxımdan da düşünürəm ki, sizin uşaqlar üçün də şeirlər yazmağınız çox maraqlı olardı”.
Torill xanım B. Vəziroğlu yaradıcılığına yenidən müraciət edəcəyini və tərcümə işini davam etdirəcəyini bildirib. B. Vəziroğlunun müəllifi olduğu “Qalanı xatirədir…” adlı şeir kitabı ilk dəfə Osloda oxuculara təqdim edilib və çox maraqla qarşılanıb. Görüşdə “Qalanı xatirədir…” adlı şeir Azərbaycan, ingilis və Norveç dillərində səsləndirilib. N.Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri B.Vəziroğlunun müəllifi olduğu şeirləri səsləndiriblər. Görüşün sonunda oxucular müəllifdən imzalı kitablar əldə ediblər.
Görüş iştirakçıları 28 May Respublika Günü münasibəti ilə “Deichman Bjørvika”da təşkil edilmiş və həftəsonu məktəbinin şagirdlərinin, xüsusilə məktəbin fəalı, gənc azərbaycanlı istedad Səlim Abbaszadənin rəsmlərinin nümayiş olunduğu sərgi ilə də tanış olublar.
28 May Respublika Günü münasibəti ilə B.Vəziroğlu ilə ikinci görüş Osloda N.Gəncəvi adına həfətsonu Azərbaycan dili məktəbində valideyn və şagirdlərlə keçirilib. Sözüdegən görüşdə iştirakçılar B. Vəziroğlunun səsi ilə şeirlər dinləyib, şairin yaradıcılığına dair suallar veriblər. Şagirdlərin ifasında şeirlər səsləndirilib. Valideyn və şagirdlər müəllif tərəfindən imzalı kitablar əldə ediblər. B.Vəziroğlu ilə Osloda Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin idarə heyətinin görüşü də keçirilib. Görüşdə iştirak edən müəllim, şagird və valideynlər tədrisin təkmilləşdirilməsi və ədəbi dilimizin şagirdlərə tədris edilməsi ilə bağlı şairdən məsləhətlər alıblar. Ana dilinin tədrisini daha təkmil formada həyata keçirmək və dərs vəsaitləri ilə bağlı şair tərəfindən bir sıra faydalı tövsiyələr verilib. Qeyd edək ki, B.Vəziroğlunun müəllifi olduğu “Qalanı xatirədir…” adlı şeir kitabı Norveçin Milli Kitabxanasına hədiyyə edilib. Oxucular kitabı oradan əldə edə bilərlər.