II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrini elan edilib
Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə 21-22 may 2022-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) “İNFONEWS”-a verilən məlumata görə, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 42261 abituriyentdən (II qrup üzrə 20740 nəfər, III qrup üzrə 21521 nəfər) 3674 nəfəri (II qrup üzrə 2338 nəfər, III qrup üzrə 1336 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni (394 bal) 2 nəfər – Bakı şəhəri, 7 saylı orta məktəbin və Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) məzunları göstəriblər.
II ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına Liseyin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 383.4 bal, birinci mərhələsində isə 295 bal toplayıb. Beləliklə II ixtisas qrupu üzrə ən yüksək nəticə 678.4 baldır.
Bu imtahanda III ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 391.2 bal toplayan Qəbələ rayonu, Həmzəlli kənd orta məktəbinin məzunu göstərib.
III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə Bakı şəhəri, 286 saylı orta məktəbin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 387.3 bal, birinci mərhələsində isə maksimal olan 300 bal toplayıb. Beləliklə III ixtisas qrupu üzrə ən yüksək nəticə 687.3 baldır.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 12 iyun 2022-ci il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 8 iyun saat 10:00-dan 10 iyun saat 17:00-dək apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.