Moskvada Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış bəyanatda regionda nəqliyyat kommunikasiyalarının bərpası nəzərdə tutulur.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı Infonews-a bildirib ki, kommunikasiyaların açılması nəticəsində Azərbaycanın ixracı 1,2 milyard manat arta bilər.
“Kommunikasiyaların açılması nəticəsində Ermənitsanın ticarət dövriyyəsində Türkiyənin payı 3 faizdən 13 faizə, Azərbaycanın payı isə ilk dövrdə minimumdan 1 faizə qədər arta bilər. Eyni zamanda regionda kommunikasiyaların açılması Azərbaycanın ixracını 1,2 milyard manat, qeyri-neft ÜDM-i 2 faiz, emal sənayesini 3 faiz və mədən sənayesini 2,7 faiz artıra bilər. Ümumi tarazlıq modeli əsasında hesablamalarımız göstərir ki, Qarabağın Azərbaycan iqtisadiyyatına reinteqrasiyası isə orta müddətli dönəmdə kənd təsərrüfatında 10,4 faiz, turizmdə 5,5 faiz, mədənçıxarma sənayesində 5,3 faiz, nəqliyyat xidmətlərində 4,9 faiz, emal sənayesində 4,3 faiz və digər xidmətlərdə 1,4 faiz, bütövlükdə qeyri-neft ÜDM-in formalaşmasında 5,1 faiz müsbət təsirə malik olacaq”.