Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Onlardan müxtəlif növ narkotik vasitələr, psixotrop maddə və saxta pul əsginasları aşkar edilərək götürülüb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan İNFONEWS -a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Orxan İbrahimov və Sədi Məmmədov saxlanılıb. Onların hər ikisinin üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Davam etdirilən əməliyyat tədbirləri ilə onlara narkotik vasitəni satan şəxsin Astara şəhər sakini İmran Məmmədov olduğu müəyyən edilib və o, saxta 100 ABŞ dollarını satarkən saxlanılıb. İ.Məmmədovun üzərindən və yaşadığı evdən ümumilikdə 810 qram narkotik vasitə qurudulmuş marixuana, 74 qram psixotrop maddə metamfetamin,13 ədəd 100 ABŞ dolları, 2 ədəd 100 manatlıq, 6 ədəd 50 manatlıq, 20 ədəd 20 manatlıq saxta pul əsginasları və 1 ədəd gecəgörmə cihazı aşkar edilərək götürülüb.
Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.