Yevlax rayonunda pilot aqropark yaradılmasına START VERİLDİ
“Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası” layihəsi çərçivəsində Yevlax rayonu ərazisində 2855 hektar sahədə pilot aqroparkın yaradılması ilə əlaqədar işlərə başlanılıb. Yevlax Pilot Aqroparkı ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk aqroparkdır.
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyindən “İNFONEWS” -un əldə etdiyi məlumata görə, sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün dövlət vəsaiti hesabına aqroparkın xarici və daxili infrastruktur sisteminin qurulması, rezidentlərə investisiya təşviqi sənədinin verilməsi və vahid pəncərə sisteminin tətbiq edilməsi nəzərdə tutulur. Aqropark ərazisində əkin sahələrində məhsuldarlığın yüksəldilməsi və səmərəliliyin artırılması üçün ağıllı idarəetmə sisteminin tətbiqi, aqronom və biznes-konsaltinq xidmətlərinin təşkili planlaşdırılır. İstehsal olunan məhsulların satış bazarının diversifikasiyası məqsədilə istehsalın beynəlxalq sertifikatlaşdırılmasına dəstək göstəriləcək. Aqroparkda, həmçinin qida sənayesi üzrə emal müəssisələrinin yaradılması nəzərdə tutulur. Emal zonasında qablaşdırma, meyvə qurusu, cem, ət və süd məhsulları, makaron, konservləşdirilmiş məhsullar, meyvə tingləri, toxum (arpa və buğda), heyvan yemləri və gübrə, istixana şəraitində tərəvəz bitkiləri və sair istehsal edilməsi planlaşdırılır.
Aqroparkda müasir aqrar-sənaye kompleksinin yaradılması klaster fəaliyyətinin qurulması hesabına həyata keçiriləcək. Aqroparkın ümumi ərazisi 2855 hektardır, bunun da 1147 hektarı parsellərə bölünmüş sahələr, 1300 hektarını aqroparkda yaradılacaq heyvandarlıq kompleksinin yem təminatı sahəsi, 129 hektarını isə emal və sosial zonalar təşkil edəcək.
Ərazinin fermerlərin uzunmüddətli istifadəsinə verilməsinə başlanılıb və bu günə qədər 1727 hektar sahə üzrə sahibkarlarla icarə müqavilələri imzalanıb.
Aqroparkda rezidentlərə xidmət göstərilməsi üçün mobilizasiya işləri aparılır. Pilot aqroparkın ilk rezidenti kimi qeydiyyata alınmış “İSFA” MMC tərfərindən artıq bağ və ting sahələrinin salınmasına başlanılıb.
“İSFA” MMC-nin direktoru Samir Xeyirbəyov açıqlamasında bildirib ki, Yevlax Aqropark layihəsi çərçivəsində “İSFA” MMC-yə 50 hektar torpaq sahəsi ayrılıb. Bunun 40 hektarı meyvə bağları, 10 hektarı isə müasir tingçilik üçündür. Tingçilik sahəsi üçün bu il laboratoriyadan 500 min ədəd alça, ərik, gilas, nektarin, badam, qoz, heyva, armud kimi meyvə ağaclarının calaqaltıları alınaraq əkilib və tam avtomatik suvarma sistemi quraşdırılıb. Bu ilin payızında 500 min ədəd ting satışa çıxarılacaq. Hazırda yay calaq işləri gedir. Yetişdirilən tinglərin həm daxili, həm da xarici bazarda satışı nəzərdə tutulub.
“İSFA” MMC üçün ayrılmış ərazidə 8 nəfər daimi, 30 nəfər mövsümi iş yerləri yaradılıb. Ümumilikdə aqroparkda 500 işçi daimi, 1000-dən dən çox işçi isə mövsümü işlərə cəlb ediləcək.