Zakir Həsənov Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb

Zakir Həsənov Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb

İyunun 29-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistanın Hərbi Hava Qüvvələri (HHQ) komandanı aviasiya marşalı Zahir Əhməd Babar Sidhunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə İNFONEWS-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqları salamlayan müdafiə naziri xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin və strateji tərəfdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən Pakistan HHQ komandanı da xüsusi qeyd edib ki, xalqlarımız arasında tarixən dostluq münasibətləri mövcuddur. Azərbaycan-Pakistan əlaqələri müxtəlif istiqamətlərdə genişlənərək xeyli güclənib, o cümlədən iki ölkənin hərbi sahədə əməkdaşlığı böyük potensiala malikdir.

Tərəflər Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir