“Ağalı kəndinə ayın sonuna kimi 41 ailə köçürüləcək” – Vahid Hacıyev
Bu gündən əhalinin ilk qrupunun Zəngilanın Ağalı kəndinə köçürülməsinə başlanılır. Ümumilikdə, 41 ailənin dörd mərhələdə köçürülməsi planlaşdırılıb. İlk mərhələdə 10 ailə köçəcək. Ağalı kəndinə Köçürüləcək təxminən 200 nəfər burada hər cür şəraitlə təmin olunacaq.
“İNFONEWS” xəbər verir ki, bunu Ağalı sakinlərini yolasalma mərasimində Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
Vahid Hacıyevin sözlərinə görə, bütün köç prosesi dövlətimizin başçısının birbaşa nəzarəti altındadır.
Qeyd olunub ki, Ağalıda məskunlaşacaq sakinlər yüksək keyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunacaqlar. Orada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibb məsələləri müvafiq qurumlar tərəfindən həll ediləcək.
“Ağalı kəndinə növbəti aylarda da köçürülmə nəzərdə tutulur. Bu gün isə 58 nəfərin Ağalıya köçürülməsi planlaşdırılır. Ümumilikdə isə 41 ailədən 201 nəfər növbəti 5 gün ərzində Ağalıya köçürüləcək”, – deyə Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi bildirib.